Arıçılığın önəmli bir gəlir mənbəyi olduğu Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərində arıçılar və bir qrup ətraf mühit fəalı etiraz aksiyası keçiriblər.
Azərbaycan insan haqları cəmiyyətinin (Ərk) məlumatına görə, iştirakçılar bal arılarının ölümünə səbəb olan qeyri-standart kənd təsərrüfatı pestisidlərindən istifadə edilməsinə etiraz edib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə etirazçıların Meşkinşəhr icra hakimiyyətinin qarşısında toplaşdığı görünür. Əllərində plakatlar nümayiş etdirən iştirakçılar qeyri-standart pestisidlərdən istifadə edilməsinə etiraz edib və arıçıların problemlərinə diqqət yetirilməsini tələb ediblər.
Ərk cəmiyyəti mitinqin şənbə günü keçirildiyini yazıb.
Çindən idxal edilən və dövlətin icazəsi ilə satılan qeyri-standart kənd təsərrüfatı pestisidlərin bal arılarının məhv olmasından əlavə təbiətə digər düzəlməz ziyanlar vurduğu bildirilir.
Ərdəbil vilayətindəki Savalan dağının yamacları İranın ən məşhur bal istehsal mərkəzlərindən biridir.