Accessibility links

Heyvan haqları fəalı saxlanıldıqdan sonra sərbəst buraxılıb


Heyvan haqları müdafiəçisi Nicat İsmayıl
Heyvan haqları müdafiəçisi Nicat İsmayıl

Heyvan haqları fəalı Nicat İsmayılov aprelin 7-də saxlanıldıqdan sonra saat 18:00 radələrində sərbəst buraxılıb. Nicat İsmayılov bildirib ki, onu avtomobil idarə edərkən Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları saxlayıb.

"Mənə qanunsuz tələblər irəli sürüldü, mən isə onlara əməl etməkdən imtina elədim. Daha sonra bir neçə mülki geyimli şəxs zor tətbiq edərək məni Respublika Narkoloji Mərkəzə apardılar və sidik analizi tələb elədilər. Mən isə analiz verməkdən imtina elədim. Məni Baş Dövlət Polis İdarəsinə gətirdilər və orada protokol tərtib edərək İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə (Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina) əsasən 400 manat məbləğində cərimə etdilər", o bildlirib.

Bundan öncə fəalın yaxınları onun aprelin 7-də saat 11 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanıldığını bildiriblər.

"Nicatın avtomobilinin açarı alınıb. Onu üç nəfər mülki geyimli şəxs saxlayıb. Onlar Nicata qarşı zor tətbiq ediblər. Onu başqa bir maşına mindirib, Respublika Narkoloji Mərkəzinə gətiriblər. Saat 12:30 radələrində oradan çıxarıb aparıblar. Saxlanma səbəbini bilmirik," fəalın yaxınları deyib.

Nicat İsmayılov hesab edir ki, bu, onun hakimiyyətə yönəlik tənqidi statusları ilə bağlıdır və tənbeh xarakterlidir.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Amerikanın Səsinə Nicat İsmayılovun saxlanılması barədə məlumatı olmadığını bildirib.

Baş Dövlət Yol Polis İdarəsindən mövqe öyrənmək mümkün olmayıb.

Sahibsiz itlərə qarşı pis rəftar edənlərə qarşı etiraz edən, müxtəlif aksiyalarda iştirak edən ictimai fəal bundan öncə də 15 gün inzibati həbs cəzası alıb. O, heyvan haqlarının müdafiəsilə bağlı etiraz aksiyasında saxlanılıb, haqqında həbs qərarı verilən ictimai fəal azadlığa buraxılandan sonra sosial media hesabında yazıb ki, o, "Toplanın dustağı" ləqəbilə 15 gün həbsdə qalıb.

"Mən "sahibsiz itlərə işgəncə etməyin" deyib, bu qətliamlara etiraz edirdim. Bir də ayıldım ki, mənə də işgəncə edirlər sən demə illərdir, xəbərim yoxmuş. Orada 15 gün necə keçir, nələr yaşayır insan, məncə, ancaq orada yatanlar bilər", fəal bildirib.

Nicat İsmayılov heyvan haqlarının müdafiəsilə məşğul olan bir neçə ictimai fəalla birlikdə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi haqda fikirlərinə görə məhkəmə hökmüylə 3 min manat cərimələnib.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib.

İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər.

2022-ci ilin sentyabrında Xətai Rayon Məhkəməsinin qərarı ilə təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilib. Məhkəmə İlhamə Nəsirovanı 1000, Elxan Mirzəyevi 1000, Aynur Babazadəni 1500, Nicat İsmayılovu isə 2000 manat məbləğində cərimə edib. Mənəvi zərərə görə isə Aynur Babazadə 1000, Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev 500 manat məbləğində kompensasiya ödəməlidirlər.

Ötən ilin noyabrında Bakı Apellyasiya Məhkəməsində heyvan haqları müdafiəçilərinin apellyasiya şikayəti təmin edilməyib.

XS
SM
MD
LG