İran Azərbaycanının vilayətlərindəki səlahiyyətlilərin açıqlamalarına görə, Novruz bayramı günlərində koronovirusa yoluxanların sayı artıb.
Təbriz Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər Departamentinin direktoru Simin Xəyyatzadə dövlət xəbər agentliyi İRNA-ya son bir neçə gündə xəstəxanaya yerləşdirilənlər arasında koronovirusa yoluxanların sayının artdığını bildirərək, bununla bağlı narahatlığını ifadə edib.
O həmçinin martın 21-dən vilayətdə iki nəfərin həyatını itirdiyini açıqlayıb.
Təbrizdəki İmam Rza Tibb və Tədqiqat Mərkəzinin direktoru doktor Müctaba Məhəmmədzadə də son həftələrdə Təbrizdə koronavirusa yoluxanlar ilə bağlı statistik rəqəmlərdə artım barədə məlumat verib və bu tendensiyanın davam etməsini "çox narahatedici" adlandırıb.
Müvafiq orqanlar son bir ayda virusa yoluxanların və xəstəxanaya yerləşdirilənlərin sayında əhəmiyyətli artım olduğunu açıqlayıb və yaxında Novruz bayramı günlərində koronavirusa yoluxanların sayında artım tempinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Zəncan və Qərbi Azərbaycan vilayətlərində də yoluxanların sayında artım müşahidə olunduğu bildirilir.
Qərbi Azərbaycanda koronovirusla mübarizə üzrə elmi qurumun katibi, doktor Seyid Cəlil Musəvi martın 19-dan 25-dək Qərbi Azərbaycan vilayətində 8 nəfərin koronovirus xəstəliyi səbəbi ilə həyatını itirdiyini bildirib.
O, martın 25-də yarı rəsmi İSNA xəbər agentliyinə bildirib ki, hazırda vilayətin xəstəxanalarında koronovirus şöbələrində 111 nəfər müalicə olmaqdadır ki, bunun 72-si Urmiyə xəstəxanalarında yerləşdirilib. Musəvinin sözlərinə görə, son iki həftə ilə müqayisədə reanimasiya şöbəsinə qəbulların sayı 26 nəfərdən 38 nəfərə yüksəlib.
İran Azərbaycanının digər vilayəti olan Zəncanda üç şəhər - Əbhər, Mahinşan və Sultaniyədə vəziyyət narıncı statusunda qeyd edilib. Narıncı rəng yüksək risk durumu, qırmızı isə olduqca yüksək riskli durumu təmsil edir.
Ərdəbil vilayəti də yoluxma hallarında artan tendensiyasından kənarda qalmayıb. Son günlər Germi şəhəri hələ də sarı statusunda qalır.
Son həftələrdə koronavirusa yoluxanların sayının artması təkcə Azərbaycan bölgələrində deyil, bütün ölkədə müşahidə olunur. Ən son yayımlanan statistikaya əsasən, İranda hazırda 13 şəhər qırmızı səviyyədədir.
İran Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin məlumatına görə, son 24 saatda ölkədə 29 nəfər COVİD-19 xəstəsi həyatını itirib və ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 145 min 249 nəfərə çatıb.