Accessibility links

Ukraynalı qaçqınlar daha bir il ABŞ-da qala bilər


Bayden administrasiyası bazar ertəsi elan edib ki, ABŞ-a cənub sərhədindən daxil olan bir çox ukraynalıya şərti humanitar proqram çərçivəsində əlavə bir il ölkədə qalmağa icazə veriləcək.

"Rusiyanın Ukraynaya səbəbsiz işğalı və onun törətdiyi misli görünməmiş humanitar böhran davam etdikcə, [Daxili Təhlükəsizlik Nazirliyi] bəzi ukraynalıların və ailə üzvlərinin qalma müddətinin uzadılmasının vacib ictimai faydası ilə yanaşı, təcili humanitar səbəblərin qaldığını hesab edir" - deyə, DTN-nin sözçüsü Amerikanın Səsinə email vasitəsilə bildirib.

Humanitar əsaslarda ABŞ-a daxil olmaq və ölkədə qalmaq üçün şərti icazə başqa hallarda Birləşmiş Ştatlara giriş icazəsi olmayan şəxslərə verilə bilən müvəqqəti immiqrasiya statusudur. Fərdlərə fövqəladə tibbi vəziyyət və ya humanitar böhranlarda bu status verilə bilər.

DTN müvəqqəti qalma icazəsinin uzadılması hüququ olan ukraynalı qaçqınların işlərinə baxılmasının təxminən dörd həftə çəkəcəyini təxmin edir.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsi İkinci Dünya Müharibəsindən bəri görünməmiş miqyasda insanların ölkədən qaçmasına səbəb olub. Ukraynalıların əksəriyyəti Avropanın başqa yerlərindən sığınacaq istəsələr də, bəziləri ABŞ-a çatmağa çalışıb. Bəzi ukraynalıların onlara gecikmədən daxil olmağa icazə verən ABŞ vizaları olsa da, ABŞ-Meksika sərhədinə sığınacaq istəyən 20 mindən çox ukraynalının çoxunun vizası yoxdur.

DTN xüsusi proqrama hüququ olanlar üçün şərti qalma müddətinin hazırkı bitmə tarixindən fasiləsiz olaraq uzadılacağını bildirib. DHS sözçüsü yazıb: "Qalma müddətinin uzadılması şamil edilənlərin iş icazəsi də həmin müddətə uyğun olaraq uzadılacaq".

Lüteran İmmiqrasiya və Qaçqınlar Xidmətinin prezidenti və baş direktoru Krish O'Mara Vignarajah verdiyi açıqlamada bu prosesin "burada gələcəkləri ilə bağlı böyük narahatlıq və qeyri-müəyyənliklə üzləşən minlərlə ukraynalı üçün mühüm olan rahatlıqla təmin edəcəyini" deyib.

Bu narahatlıq hazırda Virciniya ştatının Riçmond şəhərində yaşayan ukraynalı qaçqın və üç uşaq anası Oksana Staxneviçə yaxşı məlumdur. O, ötən ilin aprelində əri və uşaqları ilə birlikdə ABŞ-a gəlib.

"Meksikadan sərhədi keçən heç kim həqiqətən bundan sonra nə edəcəyini bilmir" - deyə, o, Amerikanın Səsinə bildirib. Staxneviç ümid edirdi ki, ABŞ hökuməti onun statusunu yeniləmək təşəbbüsü ilə çıxış edəcək, çünki Ukraynaya qayıtmaq indi mümkün deyil.

"Ümumiyyətlə, biz müharibə başa çatdıqdan sonra Ukraynaya qayıtmaq istəyirik, lakin indi Ukraynaya qayıda bilmərik. Mən bilmirəm ki, biz Amerikanı tərk etməliyik", o deyib.

Ukraynada Staxneviç yəhudi icmasının təşkilatında könüllü olaraq çalışıb. İşlədiyi yerdə kontaktları təmaslar vasitəsilə o, Riçmond Yəhudi İcması Federasiyası və Virciniyadakı Riçmond Yəhudi Ailə Xidmətləri ilə əlaqə saxlayıb. Bu təşkilatlar Staxneviç və ailəsini Amerikaya köçürüb. Onlar, həmçinin Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən ölkədəki qaçqınlara yardım edən yerli icmalara dəstək olmaq üçün Ukraynanın Köçürülməsi qrantı almış Birləşmiş Ştatlar üzrə 18 yəhudi qeyri-kommersiya təşkilatından ibarət daha böyük şəbəkənin bir hissəsidir.

Vignarajah və digər vəkillər həmçinin hökuməti humanitar müdafiə ilə bağlı qərarlar qəbul etmək üçün kritik nöqtəyə qədər gözləməməyə və rəsmiləri ABŞ-a şərti olaraq buraxılan 70 000-dən çox əfqanın təxliyəsi üçün yardım elan etməyə çağırıb.

Humanitar əsaslarda qalma icazəsi olan əfqanlar üçün proqram iyulda başa çatacaq.

XS
SM
MD
LG