İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi bazar günü şair Nizami Gəncəvinin anım həftəsi tədbirlərinə start verib.
Rəsmi dövlət agentliyi İRNA-nın xəbərinə görə, Nizaminin anım həftəsinin Təbrizdəki tədbiri bazar ertəsi günü Təbriz Universitetində təşkil olunub.
İran təqvimində Hicri ili İsfənd ayının 21-i (12 mart) Həkim Nizami Gəncəvinin anım günü olaraq dərc edilib. Ancaq, Mədəniyyət Nazirliyi keçən ildən etibarən martın 5-dən 12-dək "Anım həftəsi" adı altında tədbirlər keçirməyə başlayıb.
"Mədəniyyət və İslami İrşad Nazirliyi fars dili və ədəbiyyatının məşhur siması Həkim Nizaminin anım günü olan 12 mart münasibətilə ölkənin tamamında çeşidli tədbirlər keçirmək məqsədilə plan hazırlayıb. Həmin münasibətlə Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad baş idarəsinin təşəbbüsü ilə Təbriz Universitetində bir tədbir keçirildi" , İRNA bildirib.
İran rəsmilərinin ölkənin müxtəlif şəhərlərində keçirilən Nizami Gəncəvi tədbirlərində verdiyi mesajlar bir-birindən fərqlənir.
İsfahanda keçirilən tədbirdə Nizami Gəncəvinin İranla "digər farsdilli ölkələr" arasında mədəni birliyin amillərindən biri olduğu vurğulanarkən, Təbrizdəki tədbirdə Nizaminin əsərlərində fərqli mədəniyyətlər və dillərin izlərinə diqqət çəkilib.
Mədəniyyət Nazirliyinin ümumi mədəniyyət şurasının sədri Seyyid Məcid İmami Təbrizdəki tədbirdə deyib ki, Nizaminin şeirləri fars dilindədir ancaq onun şeirlərinin məzmunu və mənası müxtəlif mədəniyyətlərdən alınıb. O, şeirlərində Ərəstu (Aristotel) və Əflatunun (Platon) hikmətli sözlərini gətirib. Leyli və Məcnunu fars dilində yazıb. Türkcə ifadələr və terminləri farscaya çevirib. Müxtəlif mədəniyyətlər və dillərdən müxtəlif hekayələr və mənaları toplayıb və belə görkəmli əsərlər yarada bilmək Nizaminin yüksək özəlliyidir".