Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icra durumunu müzakirə edəcək


Avropa Şurası Nazirlər Komitəsi martın 7-dən 9-dək Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət etmək üçün rüblük iclasını keçirəcək.

Nazirlər Komitəsinin gündəliyində olan məhkəmə qərarları Albaniya, Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova Respublikası, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya Respublikası, Türkiyə, Ukrayna və Böyük Britaniyaya aiddir.

Azərbaycanla bağlı müzakirə ediləcək işlər “Məmmədli” və “Qafqaz Məmmədov” qruplarına daxil olan işlərdir.

“Məmmədli” qrupuna daxil olan işlər Azərbaycanda 2013-2016-cı illərdə vətəndaş cəmiyyəti fəallarının, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətilərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Məhkəmə hökumətin tənqidçilərini cəzalandırmaq və susdurmaq məqsədi ilə cinayət qanunlarından sui-istifadə etdiyini aşkarlayıb və Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ) üzərindən 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu tanıyıb.

Nazirlər Komitəsi əvvəlki iclaslarında Azərbaycan hökumətini əsaslı islahatlar keçirməyə, məhkəmə sisteminin müstəqil və qanun çərçivəsində fəaliyyətini təmin etməyə çağırıb.

“Qafqaz Məmmədov” qrupuna daxil olan işlər isə 2010-2014-cü illərdə müxalifət tərəfindən təşkil edilmiş və ya planlaşdırılan, ictimai asayiş üçün heç bir təhlükə törətməyən icazəsiz dinc nümayişlərin dağıdılması, nümayiş iştirakçılarının saxlanılması, inzibati həbsə məhkum edilməsi, habelə, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Bu işlərdə Avropa Məhkəməsi Konvensiyanın 11-ci maddəsinin (Toplaşmaq və birləşmək azadlığı) pozuntusunu tanıyıb.

Bu qrup işi ilə bağlı əvvəlki qərarlarında Nazirlər Komitəsi Azərbaycan hökumətini milli qanunvericiliyin və təcrübənin Konvensiyanın tələblərinə uyğun olmasını təmin etmək tədbirlər görməyə çağırıb.

Azərbaycan tərəfi Nazirlər Komitəsi ilə kommunikasiyasında bildirib ki, “Məmmədli” qrupuna daxil olan işlər hazırda Ali Məhkəmədə baxılır və Ali Məhkəmə bu işlərə məqsədyönlü şəkildə baxması üçün məlumatlandırılıb.

Azərbaycan hökuməti bildirir ki, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və insan hüquqlarının Konvensiyaya uyğun müdafiəsinə nail olmaq üçün Avropa Şurasının əməkdaşlıq proqramlarından faydalanmağa davam edəcək. Hökumət həmçinin, “Qafqaz Məmmədov” qrupuna daxil işlərin icrası, ölkədə sərbəst toplaşma azadlığının qorunması üçün əlavə tədbirlər görmək niyyətində olduğunu qeyd edib.

Avropa Şurasının Azərbaycan üçün 2022-2025-cı illər üzrə Fəaliyyət Planında Avropa Məhkəməsinin qərarlarının icrasının təkmilləşdirilməsi nəzərdə tutulur. Fəaliyyət Planı çərçivəsində “Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsinə start verilib. Layihənin məqsədi Azərbaycanda insan hüquqları və fundamental azadlıqların vəziyyətinin yaxşılaşdırılması, məhkəmə qərarlarının vaxtında icrasının təmin edilməsidir.

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzv ölkələr üçün məcburidir. Nazirlər Komitəsi milli hakimiyyət orqanları, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflər tərəfindən təqdim edilən məlumatlar əsasında qərarların icrasına nəzarət edir.

XS
SM
MD
LG