Accessibility links

AZƏRTAC-ın keçmiş əməkdaşı intihara cəhd edib


Aygün Əliyeva (Foto Facebook səhifəsindən götürülüb)
Aygün Əliyeva (Foto Facebook səhifəsindən götürülüb)

AZƏRTAC Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva fevralın 27-də səhər saatlarında intihara cəhd edib. O, 1 saylı Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsinə yerləşdirilib.

İntihara səbəb kimi Ali Məhkəmənin Aygün Əliyevanın hüquqlarını pozması göstərilir. Jurnalist 2021-ci ildə sosial şəbəkələrdə tənqidi statuslarına görə işdən çıxarılıb. Həmin vaxtdan etibarən hüquqlarını məhkəmələrdə bərpa etməyə çalışır.

2021-ci ilin mart-aprel aylarında Bakının Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməyib. Əliyevanın verdiyi apellyasiya şikayətinə 2021-ci ilin may ayında baxılıb və qərar qüvvədə saxlanılıb. 2022-ci ilin sentyabrında Ali Məhkəmə bu qərarı ləğv edib və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Aygün Əliyevanın işə bərpa olunması və ona təzminat ödənilməsi haqqında qərar qəbul edib. Amma digər tərəf kassasiya şikayəti verib və yanvarın 25-də Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytarmaq barədə qərar qəbul edib.

"Fevralın 26-da məlum olub ki, jurnalistin xeyrinə verilmiş qərar ləğv edilib və elektron məhkəmə sisteminə keçmiş tarixlə - 25 yanvar tarixi ilə yüklənib, deyə vəkil Bəhruz Bayramov bildirib.

Kassasiya şikayətini jurnalisti işdən çıxaran AZƏRTACın rəhbəri Aslan Aslanov verib. Tezliklə o özü də vəzifədən azad edilib.

"Agentliyin yeni rəhbəri Vüqar Əliyev bir neçə dəfə Aygün Əliyeva ilə əlaqə saxlayıb, işdən çıxarılması haqqında əmri ləğv etməyi təklif edib, amma onu işə bərpa etməyə və təzminat ödəməyə razılaşmayıb. Jurnalist bərpa olunmasında israr etmirdi, amma 2,5 il məcburi olaraq işsiz qaldığı üçün təzminat ödənilməsini tələb edib. Agentliyin rəhbəri bununla razılaşmayıb, öz sələfinin səhvini ödəmək məcburiyyətində olmadığını bildirib”, vəkil qeyd edib.

AZƏRTAC İnformasiya Agentliyi bildirib ki, Aygün Əliyeva işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.

“2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib. Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır”.

AZƏRTAC-ın açıqlmasında hazırda bu qurumda kadr islahatları aparıldığı bildirilir.

“Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır. Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”, AZƏRTAC-ın Teleqram səhifəsində yaydığı açıqlamasında deyilir.

Ali Məhkəmədən və AZƏRTACın keçmiş rəhbəri Aslan Aslanovdan şərh almaq mümkün olmayıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Amerikanın Səsinə bildiriblər ki, hazırda Aygün Əliyevanın vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Aygün Əliyevanın problemləri bələdiyyələrin fəaliyyətini tənqid edən status dərc etməsindən sonra başlayıb. Onun öz səhifəsində"Mən niyə gedib səs verməliyəm? Bir zibil qutusu belə qoymayıblar" yazmasından sonra ondan açıqlama yazmağı tələb ediblər.

"Cavab verdim ki, dövlət başçısı belə bələdiyyələrin fəaliyyətini tənqid edir, bunda nə var ki? Amma mənə dedilər ki, bu Prezident Administrasiyasının tələbidir," jurnalist qeyd edib.

2020-ci il avqustun 3-də Əliyeva işdən çıxarılıb. O, işdən çıxmaq haqqında ərizə yazmaqdan imtina edib.

"Bu qız dövlət əleyhinə çağırışlar, bələdiyyələrin fəaliyyəti haqqında statuslar yazır, biz bunu yanvarda sizə demişdik, amma siz onu işdən çıxarmadınız, indi isə çıxarmalısınız", Prezident Administrasiyasının nümayəndəsinin AZƏRTACın rəhbərliyinə belə dediyi bildirilib.

Ərizə yazmaqdan imtina etdikdən sonra onu öhdəliklərini icra etmədiyinə görə işdən çıxarıblar.

Jurnalist işdən çıxarılandan sonra Amerikanın Səsinə deyib ki, iyirmi bir il AZƏRTAC-da çalışıb və haqsız olaraq işdən çıxarılıb.

“Əvvəl dedilər Dövlət Təhlükəsizlik Xidməti şikayət edib guya məndən. Guya haqqımda iş açıblar. Amma DTX bunu təkzib edəndən sonra dedilər ki, administrasiyadan Vüqar Əliyev deyib. 22 xarici müxbirin demək olar ki, hamısı Əli Həsənlovla (Prezidentin keçmiş köməkçisi-red) Ramiz Mehdiyevin (Prezident Administrasiyasının keçmiş rəhbəri-red) qohumlarıdır, bir məndən və daha 2 nəfərdən başqa. Və onlar məndən başladılar. Aygün Əliyeva AZƏRTAC-da 3 ildən çox buraxılış redaktoru olub, material redaktə edib buraxıb. Onun qeyri-peşəkar olub, guya redaktoru incitməsi nə dərəcədə həqiqət ola bilər? Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini magistratura səviyyəndə bitirib, iqtisadi jurnalistikada ən ağır və çətin mövzuda xəbərləri redaktə edən, Prezident və onun xanımını yerli və xarici tədbirlərdə müşayiət edib, təkbaşına birbaşa buraxılışa xəbər hazırlayan jurnalist 20 ildən sonra qeyri-peşəkar olur? Hansı məqamda?” o Ameirkanın Səsinə bildirib.

Bununla yanaşı, jurnalistin iddialarına nə Əli Həsənov, nə də Ramiz Mehdiyev indiyədək münasibət bildirməyib.

Jurnalist Nəsimi Rayon Məhkəməsinə müraciət edib, məhkəmə iddianı təmin etməyib.

"Məhkəmədən açıq şəkildə bildiriblər ki, məni işdən çıxarmalarının səbəblərindən biri Facebook-da yazdığım statuslardır. Məhkəmədə mənə dedilər ki, mən dövlət əleyhinə məqalələr yazıram. Belə ki, agentliyin rəhbərliyi məhkəməyə göndərdiyi məktubda qeyd edib ki, mənim işdən çıxarılmağım haqqında tapşırıq Prezident Administrasiyasından verilib”, o qeyd edib.

XS
SM
MD
LG