ABŞ-ın F-16 qırıcı təyyarələrinin təqdim edilməsinin hazırda məqsədəuyğun olmadığını bildirməsinə baxmayaraq, Ukrayna müttəfiqlərinin onu bu döyüş təyyarələri ilə təmin etmək üçün səylərini davam etdirir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter səhifəsində yazıb:
"Ukraynaya yeni, mühüm silah növlərinin verilməsi ilə bağlı hər müzakirə "xeyr"lə başlayıb, "hə" ilə bitib. Son bir ildə biz yeddi növ silahdan altısı ilə bağlı siyasi qərarların kilidini açdıq. Təkcə döyüş təyyarəsi qalıb."
Kuleba əvvəllər də müttəfiqlərin Ukraynaya tanklar və digər hərbi yardım göndərmək istəmədiklərini və son nəticədə bunu təmin etmək qərarına gəldiklərni qeyd edib.
ABŞ Prezidenti Co Bayden cümə günü ABC News-a müsahibəsində Ukraynaya F-16 qırıcılarının verilməsini "hələlik stisna etdiyini" deyib.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar günü NBC telekanalının "Mətbuatla Görüş" proqramına bildirib ki, ABŞ hərbi komandirlərinin fikrincə Ukrayna hazırda "cəbhə xəttində tanklara, zirehli maşınlara, piyada döyüş maşınlarına, artilleriya və hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur".
"Bu mərhələ quruda döyüşlər və rusların işğal etdiyi əraziləri geri almaq üçün ukraynalıların imkan əldə etməsi ilə bağlıdır," Sallivan bildirib.
O həmçinin bildirib ki, müttəfiqlər Ukraynanı hər gün istifadə etdiyi Sovet dövründən qalma MiQ-29 və SU-27 qırıcı təyyarələiı üçün ehtiyat hissələri ilə təmin edir.
ABŞ-ın maliyyə naziri Canet Yellen bazar ertəsi Kyivə gözlənilməz səfər edib. O, prezident Baydenin bir həftə əvvəl Ukrayna paytaxtına səfəri zamanı dediklərini təkrarlayaraq, Rusiyanın bir ildir davam edən işğalına qarşı Ukraynanın mübarizəsinə ABŞ-ın dəstəyini davam etdirəcəyini dilə gətirib.
Yellen prezident Volodimir Zelenski və digər hökumət rəsmiləri ilə görüşərək, "Amerika nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq" deyib.
O, Vaşinqtonun son 9,9 milyard dollarlıq iqtisadi və büdcə yardımının ilk 1,25 milyard dollarının köçürüldüyünü açıqlayıb.
Yellen müharibədə həlak olan ukraynalı əsgərlərin xatirəsinə ucaldılmış divarın önünə əklil qoyaraq deyib ki, "mən [Rusiya prezidenti Vladimir] Putinin amansız müharibəsinin dağıdıcı nəticələrini öz gözlərimlə görürəm".