Fevralın 24-də Xətai Rayon Məhkəməsində 47 gündür aclıq aksiyası keçirən insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə vəsatətə baxılıb.
Vəkil Zibeydə Sadıqovanın məlumatına görə vəsatət təmin olunmayıb. Sadıqovanın sözlərinə görə Bəxtiyar Hacıyev səhhəti ilə bağlı məhkəməyə gətirilməyib:
"Dünən Xətai Rayon Məhkəməsində Bəxtiyarın həbs qətimkan tədbirini 2 ay da uzadan hakim Rafail Sadıxov bu gün onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizə baxdı. Mən buna görə məhkəməyə etiraz etdim, lakin bu vəsatətim də təmin olunmadı. Biz bildirdik ki, ev dustaqlığına buraxılması üçün əsaslı səbəblərimiz var, çünki artıq 3 aydır ki, istintaq gedir və istintaq yekunlaşmalıdır, amma mənasız yerə uzadılır. Deyilir ki, istintaq materialları ilə tanış olmalıdırlar, ekspertiza aparılmalıdır, yəni sırf texniki məsələlər gedir, bu işləri isə Bəxtiyar azadlıqda ola-ola da aparmaq mümkündür".
Vəkil bildirib ki, onlar məhkəmədə Bəxtiyar Hacıyevin 47 gündür aclıq aksiyasında olduğunu və səhhətindəki problemləri də dilə gətiriblər.
"Çox təəssüf ki, məhkəmə bizim arqumentlərimizi dinləsə də vəsatətlərimizi təmin etmədi. Bəxtiyar Hacıyev hazırda saxlanıldığı Müalicə Müəssisəsindən ərizə göndərmişdi ki, səhhəti ilə əlaqədar məhkəmədə iştirak etməsin. Mən bu gün onunla görüşmüşəm, sol tərəfində uyuşma var, artıq gecələr yata bilmir və 20 kiloqram çəki itirib", deyə Sadıqova bildirib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 47 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.
Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixinədək uzadılıb.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.