Accessibility links

Urmiyədə Ana Dili Günündə türkcə "Ədalət" tamaşası böyük rəğbətlə qarşılanıb


Urmiyə - Ədalət tamaşasından bir səhnə
Urmiyə - Ədalət tamaşasından bir səhnə

21 fevral Dünya Ana Dili Günündə Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində çox sayda insan mədəniyyət və sənət kompleksində səhnəyə qoyulan türkcə "Ədalət" tamaşasını izləməyə gedib.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, rejissor İlqar Abidi Ağbulaqın hazırladığı və fevralın 16-dan 21-ə qədər səhnədə olan tamaşa Ana Dili Gününə təsadüf etdiyi son nümayiş günündə izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tamaşanın nümayişindən sonra rejissor İlqar Abidi Ana Dili Gününü təbrik edərək ana dilində təhsil və türk dilində kitab oxumağın əhəmiyyəti haqqında danışıb. Tamaşanı izləməyə gələnlərə türkcə kitablar hədiyyə edilib.

21 fevral 2023 - Urmiyənin mədəniyyət və sənət kompleksi
21 fevral 2023 - Urmiyənin mədəniyyət və sənət kompleksi

Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin gün İran Azərbaycanının digər şəhərlərindən də tamaşanı izləmək üçün Urmiyəyə gələnlər olub.

"Ədalət" tamaşası təbrizli məşhur yazar Qulamhüseyn Saidinin "Gözə göz" adlı əsərindən iqtibas edilib. Tamaşa ədalətsizliyin hökm sürdüyü bir cəmiyyətin hekayəsini anladır. Cəmiyyətin hökmdarı insanların gözünü kor edib və xalqı maariflənməkdən məhrum buraxaraq zülm və istibdadını davam etdirməyə çalışır.

Rejissor İlqar Abidi keçən illərdə də Urmiyədə "Kim gördü, kim görmədi?", "Yenə yarpaqlar düşür" və "Gözəl bahar" kimi türk dilində tamaşaları səhnələşdirib.

XS
SM
MD
LG