Accessibility links

NATO-nun baş katibi: Ukraynanın döyüş sursatına daha çox ehtiyacı var


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın rəhbərlik etdiyi Ukrayna müttəfiqləri qrupunun müdafiə nazirləri və müdafiə rəsmilərinin çərşənbə axşamı Brüsseldə keçirilən yığıncağında Ukraynaya daha çox döyüş sursatı, tank və digər ağır texnika tədarükünün başa çatdırılmasının vacibliyini vurğulayıb.

Stoltenberq jurnalistlərə deyib ki, danışıqlar kritik vaxta təsadüf edir və müttəfiqlər çərşənbə axşamı "Ukraynaya təcili dəstəyin artırılması məsələsini müzakirə edəcək".

"Gələn həftə biz Ukraynada dəhşətli müharibənin, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin birinci ildönümünü qeyd edəcəyik. Və biz prezident Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük. Bizim gördüyümüz isə bunun əksidir - o, yeni müharibəyə, yeni döyüşlərə və yeni hücumlara hazırlaşır," Stoltenberq bildirib.

Stoltenberq deyib ki, müttəfiqlərin Ukraynaya qırıcı təyyarələr verməsi perspektivi "hazırda ən aktual məsələ deyil, lakin bu barədə müzakirələr davam edir".

O həmçinin deyib ki, hərbi yardımla bağlı müzakirələr Ukraynaya təkcə hələ malik olmadığı sistemlərin verilməsi ilə bağlı deyil, həm də mövcud sistemlərinin düzgün işləməsini təmin etməklə bağlıdır.

"Bu, dağıdıcı və yorucu bir müharibəyə çevrilib, buna görə də bu həm də logistika döyüşüdür ki, müttəfiqlər həqiqətən də lazımi sursat, yanacaq və ehtiyat hissələri əldə etmək üçün böyük səy göstərir," Stoltenberq bildirib.

ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupunun çərşənbə axşamı keçirilən iclasından əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın "müharibənin gedişində bu həlledici məqamda kömək üçün təcili ehtiyacı olduğunu" deyib və qrupu yardım etmək üçün diqqətini gücləndirməyə çağırıb.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin hərbi ehtiyaclarını müzakirə etmək üçün Brüsseldə olub.

XS
SM
MD
LG