Accessibility links

Zəncanda kütləvi etirazlarla əlaqədar həbs edilən üç fəal sərbəst buraxılıb


Ramin Sultan Məhəmmədi və Mina Əlixani
Ramin Sultan Məhəmmədi və Mina Əlixani

İranda keçən ilin sentyabr ayında başlanan və bir neçə ay davam edən kütləvi etirazlarla əlaqədar Zəncanda həbsə edilmiş Mina Əlixani, Məryəm Əbhəri və Ramin Sultan Məhəmmədinin sərbəst buraxıldığına dair məlumat yayılıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və siyasi məhbuslarla bağlı məlumat yayan Abbas Lisani Telegeram kanalının xəbərinə görə, hər üç mədəni fəal 6 ay həbs və 74 zərbə şallaq cəzasına məhkum olunmuşdu.

Mina Əlixani, Məryəm Əbhəri və Ramin Sultan Məhəmmədi həbs müddətlərinin bir hissəsini keçirdikdən sonra sərbəst buaxılıblar. Onların şallaq cəzasının tətbiq edilib-edilmədiyinə dair məlumat yayılmayıb.

Gənc qadın Məhsa Əmininin keçən il sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda yüzlər etirazçı öldürülüb, minlərlə vətəndaş həbs edilmişdi.

Hüquq müdafiəçiləri hökümət əleyhinə etirazlarda həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda gənc qadın və azyaşlının olduğunu bildirib. Etirazlar zamanı həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılmışdı.

XS
SM
MD
LG