Bu yaxınlarda İranda Qərbi Azərbaycanın Türkiyə ilə sərhədi yaxınlığındakı Xoy bölgəsində baş verən zəlzələdən sonra Türkiyədə baş verən böyük zəlzələnin bir-birinə təsiri və əlaqəsinin olması ilə bağlı fərziyyələr ortaya çıxıb ki, ekspertlər ümumilikdə bu iddianı rədd edib onun elmi əsaslarının olmadığını deyirlər.
İran Zəlzələ Mühəndisliyi Dərnəyinin rəhbəri Fəriborz Natiqi İlahi İran mətbuatı ilə söhbətində bildirib ki, Xoy tektonik xətti ilə Türkiyədə zəlzələyə səbəb olan tektonik xətt arasında böyük məsafə var.
Bu ekspert iki zəlzələ arasında əlaqənin olma ehtimalını çox aşağı hesab edib və bu məsələnin dəqiqləşdirilməsi üçün ətraflı araşdırmalara ehtiyac olduğunu bildirib.
Həmçinin Beynəlxalq Seysmoloji Araşdırmalar İnstitutunun professoru Mehdi Zare Mehr xəbər agentliyi ilə müsahibəsində Xoyda zəlzələnin baş verdiyi yerin Türkiyədə bu yaxınlarda baş vermiş zəlzələdən təxminən min kilometr uzaqda olduğunu və Türkiyədə zəlzələnin meydana gəldiyi yerin “ərəb tektonik plitəsinin şimaldan Anadolu tektonik plitəsinin isə cənubdan kəsişdiyi yer” olduğunu bildirib.
İranın Şəhərsalma Araşdırma Mərkəzinin seysmologiya şöbəsinin müdiri Əli Beytullahi İLNA xəbər agentliyi ilə müsahibəsində Xoy zəlzələsinin səbəbini “Siyahçeşmə-Xoy” adlı qırılma xəttindən qaynaqlandığını və bunun Türkiyədəki böyük zəlzələ ilə əlaqəsini rədd edib.
Mütəxəssislər Xoyda zəlzələyə səbəb olan tektonik xəttin Şərqi Anadolu tektonik xəttindən çox uzaqda olduğunu və əldə edilən elmi məlumatlara əsasən Xoy xəttinin ona təsir etmə ehtimalının olmadığını irəli sürürlər. Türkiyədə ölkənin 10 vilayətində minlərlə insanın ölümünə səbəb olan son zəlzələ Şimali Ərəb tektonik plitəsinin Cənubi Anadolu tektonik plitəsi ilə kəsişdiyi nöqtədə olub.
Digər tərəfdən, Türkiyədə baş verən zəlzələnin Təbriz qırılma xəttinin aktivləşməsinə səbəb ola biləcəyi ilə bağlı fərziyyələr və şayiələr ortaya çıxıb ki, bu fərziyyələrində elmi dayanağı olmadığını irəli sürən ekspertlər İran mətbuatına açıqlama veriblər.
Türkiyədə baş verən zəlzələdən sonra Təbrizdə zəlzələ ehtimalı ilə bağlı söz-söhbət gücləndi və bunun əsasında İran mediası ekspertlərin bu söz-söhbətə son qoymaq üçün fikirlərini əks etdirməyə cəhd edib.
Bununla belə, iranlı ekspertlərin fikrincə Xoy və Türkiyə zəlzələlərinin bir-birinə təsir göstərməsi ehtimalı olmasa da, bu məsələni gizlətmək olmaz ki, İran Azərbaycanında şəhərlər, o cümlədən Təbriz zəlzələyə meyilli ərazilərdə yerləşir. Şərqi Azərbaycan vilayəti rəsmilərinin son açıqlamasına görə, bu vilayətin əhalisinin 25%-i qeyri-standart və qəzalı evlərdə yaşayır və bu bölgələrdə zəlzələ zamanı insan faciəsi yaşana bilər.