Accessibility links

Xarkiv Rusiyanın raket zərbələrinə məruz qalıb


Rusiyanın Xarkiv şəhərinə raket hücumundan sonra küçədə dağılmış avtomobilin görüntüləri, 5 fevral, 2023.
Rusiyanın Xarkiv şəhərinə raket hücumundan sonra küçədə dağılmış avtomobilin görüntüləri, 5 fevral, 2023.

Reuters xəbər agentliyinin məlumatına görə, Ukraynanın Xarkiv şəhəri bazar günü Rusiyanın iki raketi tərəfindən vurulub. Raketlərdən birinin yaşayış binasına düşdüyü bildirilir.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Rusiyanın Çerniqov, Zaporijye, Dnepropetrovsk, Xarkiv, Luhansk, Donetsk və Mikolayev vilayətlərini hədəf alaraq atəşə tutması ilə Ukraynanın şərqində vəziyyətin gərginləşdiyini bildirib.

Ukrayna lideri gecə saatlarında videomüraciətində bildirib ki, Rusiya “müdafiəmizi yarmaq üçün getdikcə daha çox qüvvədən istifadə edir”.

Ukrayna rəsmiləri şənbə günü Rusiya qüvvələrinin şərqdə mühasirədə olan Baxmut şəhərinə yeni hücumunu dəf etdiklərini bildiriblər. Zelenski cümə günü “Baxmutu təslim etməyəcəyinə” söz verib. “Bacardığımız qədər mübarizə aparacağıq,” o bildirib.

Zelenski Ukraynada son durumu şənbə günü Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon söhbəti zamanı müzakirə edib. Onların hər ikisi Rusiya qüvvələrini geri çəkmək üçün Qərbdən əlavə hərbi dəstəyi sürətləndirmək barədə razılığa gəliblər. Onlar həmçinin Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli imkanlarını müzakirə ediblər.

Prezident Zelenski Sunak və Böyük Britaniyaya Ukraynaya kömək etdiklərinə görə təşəkkür edib. “İndi Böyük Britaniyada bizim hərbçilər artıq “Challenger” tanklarında məşqlərə başlayıblar” - deyə, Zelenski bildirib. “Bu, yaxşı maşındır və döyüş meydanında böyük fərq yaradacaq,” əlavə edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu həftənin əvvəlində ölkəsinin 12 ölkədən ibarət koalisiyadan “ilk tədarük dalğası” çərçivəsində Qərbin 120-140 tankını alacağını bildirib.

Kyiv Moskvanın Ukraynanın şərqində tədricən irəliləyişə nail olmaq üçün ciddi səy göstərdiyi vaxt Qərbdən Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin qarşısını almaq üçün əsas döyüş tanklarının tədarükü ilə bağlı vəd alıb.

Birləşmiş Ştatlar cümə günü Ukraynaya ABŞ tərəfindən verilən HIMAR-lar üçün adi və uzaqmənzilli raketlər, həmçinin digər döyüş sursatları və silahlar da daxil olmaqla, Ukraynaya əlavə 2,175 milyard dollarlıq hərbi yardım göstərəcəyini açıqlayıb. ABŞ rəsmisinin sözlərinə görə, daha dəqiqliklə idarə olunan uzun mənzilli raketlər Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə olaraq Ukraynanın zərbələri ikiqat daha uzaq məsafəyə endirməsinə imkan verəcək.

Rusiya oktyabr ayından bəri Ukraynanın enerji infrastrukturunu hədəf alan kütləvi raket zərbələri kampaniyası aparır. Moskva zərbələrin Ukraynanın döyüş qabiliyyətini azaltmaq məqsədi daşıdığını iddia edir. Kyiv isə bu hücumların heç bir hərbi təyinatı olmadığını və dinc əhaliyə zərər vermək məqsədi daşıdığını bildirir.

XS
SM
MD
LG