Fevralın 5-də Yasamal Rayon Məhkəməsində fevralın 4-də axşam saatlarında saxlanılan fotobloger Vəli Şükürova hökm oxunub.
Hakim Hüseyn Səfərov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddələrilə fotoblogerin 30 sutka inzibati həbs edilməsi barədə qərar verib.
Vəli Şükürovun yaxınlarının sözlərinə görə, o, fevralın 4-də səhər saatlarında polisə çağırılıb və ona müəyyən suallar verildikdən sonra sərbəst buraxılıb. Bundan sonra o, axşam saatlarında ailə üzvü ilə birlikdə gedərkən evlərinin yaxınlığında saxlanılıb. Onun Yasamal rayonu 27-ci polis bölməsinə aparıldığı bildirilib. Polis bölməsində Vəli Şükürov barəsində inzibati xəta protokolu tərtib olunub.
Fotoblogerin küçədə söyüş söyüb, xuliqanlıq etdiyi, həmçinin onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmadığı iddia olunur.
Sosial şəbəkələrdə fotoblogerin həbsinin məmura məxsus avtomobilin nömrə nişanı ilə maraqlanmasının səbəb olduğu bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Vəli Şükürov saxlanılıb, araşdırma aparılır. "Onun həbsində hər hansı siyasi səbəb yoxdur" - deyə qeyd edilib.