Accessibility links

Fransada Makron hökumətinin pensiya islahatına qarşı nümayişlər keçirilib


Fransada Makron hökumətinin pensiya islahatına qarşı nümayişlər keçirilib
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Fransada Makron hökumətinin pensiya islahatına qarşı nümayişlər keçirilib

Fransada Makron hökumətinin pensiya islahatlarına etiraz olaraq yanvarın 31-i ümummilli tətil və nümayişlər keçirilib. Fransanın şərqi Strasburq şəhərində həmkarlar ittifaqlarının çağırışı ilə minlərlə insan nümayişə qatılıb.

Metallurgiya sahəsində işləyən Ama islahat planının ədalətsiz olduğunu, əlavə bir neçə il işləməyin onun üçün çox çətin olacağını deyir.

"Biz ədalətsiz olduğu üçün bu islahatlara qarşıyıq. Metallurgiya ağır iş olduğuna, fiziki davamlılıq tələb etdiyinə görə təqaüdə çıxma yaşımız 60-dır. İndi bunun üzərinə iki il də əlavə edirlər. Digər məsələ isə maaşlardır. Artıq neçə vaxtdır pandemiyaya, inflyasiyaya görə ayın sonunu güclə çatdıra bilirik. Bunun üzərinə də indi pensiyamıza göz tikiblər. Bu isə işçilər üçün qəbuledilməzdir".

Pensiya yaşını 62-64-ə qaldırmağı nəzərdə tutan islahat paketinə qarşı ölkə boyu bir milyondan çox insan etiraz edib. Ümummilli tətillər nəticəsində çərşənbə axşamı Fransada neft emalı zavodlarının tədarük xətləri, ictimai nəqliyyat və məktəblər dayanıb. Etirazçılar hökumət geri addım atmayacağı müddətcə, tətil və nümayişlərə davam edəcəklərini deyirlər.

Peşəcə müəllim olan Odre deyir ki, bu gün burada olmaqda məqsədi prezidentə bu islahata qəti şəkildə qarşı olduğunu göstərməkdir.

"65-66 yaşa kimi dərs demək mümkün deyil. Bizim cəmiyyət daha yaxşısına, bu ölkənin müəllimləri də daha çox hörmətə layiqdir. Ancaq bu, təkcə müəllimlər üçün deyil, bütün Fransa, fransızlar, həmçinin də gələcək nəsillər üçündür. Prezident deyir ki, bu, büdcə məsələsidir, maliyyə çatışmazlığı var. Ancaq maliyyə işə götürənlərin, vergidən yayınların cibindədir. Sadə xalqın pulunu kəsməkdənsə, varlılardan vergi tutulsun".

Odre pensiya islahatının şəxsən onun üçün nəyi dəyişəcəyinə dair suala cavabında deyir ki, o daha çox işləməli, daha az təqaüd almalı olacaq.

"İslahat olarsa, mən şübhəsiz 66 yaşa qədər işləməli olacağam. Ancaq bu belə tam təqaüd ala bilməyim üçün yetərli olmayacaq. Beləcə az təqaüdlə ömrümün sonunu çətinlik içində aydan-aya yaşamalı olacağam" , o bildirib.

Fransada hökumətin pensiya islahatlarına qarşı etirazlar
Fransada hökumətin pensiya islahatlarına qarşı etirazlar

Pensiya islahatları Emmanuel Makronun hər iki seçki platformasında yer alıb. Fransa Prezidenti qeyd edib ki, uzunömürlülüyün artması və doğum nisbətlərinın azalmasından islahatlar pensiya sisteminin ödəmə qabiliyyətini saxlamaq üçün zəruridir.

Hökumətin islahat layihəsi küçə etirazları ilə yanaşı parlamentdə də müqavimətlə üzləşib. Həmkarlar ittifaqları və solçu partiyalar pensiya büdcəsinin tarazlaşdırması üçün böyük şirkətlərin və varlıların daha çox töhfə verməli olduğunu deyir. Onlar fevral ayının 7-si və 11-i yenidən tətil edəcəklərini açıqlayıblar.

XS
SM
MD
LG