Accessibility links

İsrailin İranda ehtimal edilən dron zərbələri - yeni "cilovlama strategiyasının" bir hissəsi


Yanvarın 28-də İsrailin pilotsuz təyyarəsi İranın İsfahandakı hərbi obyektinə hücum edib. Analitiklər bildirirlər ki, bu Tehranı cilovlamaq üçün yeni səylərin bir hissəsidir.

İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün uzun sürən səylər uğursuzluqla nəticələnib. Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi Agentliyinin məlumatına görə, razılaşmanın olmadığı halda Tehran bir neçə nüvə silahı yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı toplayıb.

Digər tərəfdən, İran Ukraynada müharibədə istifadə üçün Rusiya qoşunlarını döyüş pilotsuz təyyarələri ilə təmin edərək, Rusiya ilə hərbi əlaqələrini də dərinləşdirib. ABŞ kəşfiyyatının qiymətləndirilmələrinə əsasən, İranın Moskvaya güclü qanadlı və ballistik raketlər də göndərə biləcəyi təxmin edilir.

Ötən il İran daxilində təxribat və kiberhücumlar, sui-qəsdlər və nüfuzlu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin, eləcə də alim və mühəndislərin müəmmalı şəkildə öldürülməsi də daxil olmaqla bir sıra insidentlər baş verib. Tehran hadisələrin bir hissəsində regional düşməni olan İsraili günahlandırıb.

"Ötən ilə qədər İsrailin mühafizə strategiyasının iki əsas aspekti var idi: quru və hava konvoylarını hədəfə alaraq İranın Suriya və Livana silah və texnika nəqlinin qarşısını almaq və İranın nüvə alimlərini və obyektlərini hədəfə alaraq İranın nüvə proqramını pozmağa çalışmaq" - deyə, Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizi bildirib.

Tehran Suriya prezidenti Bəşər Əsəd və Livanın Hizbullah silahlı qruplaşmasının əsas dəstəkçisidir.

Əzizi İsrailin son bir neçə ay ərzində İran daxilində nüvə deyil, hərbi obyektlərə hücum etdiyinə inandığını və bunun İsrailin İranla bağlı siyasətində "üçüncü elementin ortaya çıxmasına" işarə etdiyini bildirir.

"Görünür ki, bu hücumlar İslam Respublikasının qabaqcıl raket və pilotsuz təyyarələr istehsalını sabotaj etmək məqsədi daşıyır," Əziz Azadlıq Radiosuna bildirib.

ABŞ mediası adı açıqlanmayan Amerika kəşfiyyat rəsmilərinə istinadən bildirir ki, İsfahan şəhərində raket tədqiqatı və istehsal mərkəzinin yerləşdiyi hərbi obyektə hücumun arxasında İsrail dayanır. Pentaqon ABŞ-ın zərbədə iştirak etmədiyini bildirib.

Hərbi obyektə dəymiş ziyanın həcmi məlum deyil. İranın Müdafiə Nazirliyi "emalatxanada" baş verən partlayışın yalnız kiçik dağıntılara səbəb olduğunu və itkilərin olmadığını bildirib.
Sosial şəbəkələrdə paylaşılan videolarda hadisə yerində partlayışın baş verdiyi göstərilir.

Hücum Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Bernsin və bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərindən sonra baş verib.

Yanvarın 30-da İsrailə səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinken jurnalistlərə bildirib ki, o, İsrailin yeni sağçı hökuməti ilə "İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinə qarşı çıxmaq və mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsi" ilə bağlı danışıqlar aparıb.

Tehran zərbəyə görə dərhal heç bir ölkəni ittiham etməyib. Xarici işlər naziri Hossein Amir-Abdollahian deyib ki, "qorxaq dron hücumu" İslam Respublikası daxilində "qorxu" yaratmaq məqsədi daşıyır.

Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Mixaylo Podolyakın Twitter səhifəsində "İranda partlayış gecəsi" haqda yazı və ardınca Ukrayna ''sizə xəbərdarlıq edib'' yazmasından sonra İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı olan "Nournews" daha Podolyakın tvitində Kyivin hücumda əli olması ehtimalının olduğuna işarə edildiyini bildirib və bunun "ağır nəticələri" barədə xəbərdarlıq edib.

Raket zərbəsi İranın Qərb dövlətləri ilə davam edən hakimiyyət əleyhinə etirazları amansızcasına yatırması və Rusiya ilə dərinləşən hərbi əməkdaşlığına görə pisləşən münasibətləri fonunda baş verib.

İran Rusiyaya pilotsuz təyyarələr göndərdiyini etiraf edib, lakin onların Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya səbəbsiz müdaxilədən əvvəl göndərildiyini deyib. Moskva isə hətta dronların Ukrayanda vurulmasına baxmayaraq, onlardan istifadə etdiyini təkzib edir.

XS
SM
MD
LG