Accessibility links

Ukraynanın şərqində ağır döyüşlər getdiyi bir vaxt ölkə üzrə hava hücumu xəbərdarlıqları səslənib


Yanvarın 31-də Ukraynanın şərqində şiddətli döyüşlərin səngimədən davam etdiyi bir vaxtda Rusiyanın mülki və enerji infrastrukturuna mümkün yeni hava zərbələri ilə əlaqədar Ukrayna boyu bir neçə hava hücumu xəbərdarlığı edilib.

Ukraynanın bütün bölgələri üçün səhər və günortadan sonra ümumilikdə üç irimiqyaslı hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra xəbərdarlıqlar ləğv edilib və o vaxtdan bəri Rusiya zərbələri ilə bağlı heç bir məlumat verilməyib.

Son aylarda Rusiya raket zərbələri kritik infrastrukturu və mülki obyektləri hədəf alıb. Ağır qış mövsümündə müddətində hücumlar Ukraynanın elektrik şəbəkəsinə külli miqdarda ziyan vurub və dinc sakinlər arasında qurbanlara səbəb olub.

Rəsmi Moskva isə sübutların olmasına baxmayaraq, dəfələrlə mülki insanları hədəf aldığını təkzib edib.

Britaniya kəşfiyyatı xəbər verir ki, Rusiya ordusu Donetsk vilayətində Ukraynanın şərqinə nəzarət uğrunda mübarizənin yeni mərkəzi olan kömür mədəni şəhəri Vuhledarı ələ keçirmək üçün hücumlara başlayıb.

Bununla belə, Britaniya Müdafiə Nazirliyi yanvarın 31-də gündəlik bülletenində Moskvanın ərazidə nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün yetərli qüvvəyə malik olmadığını bildirib.

"Rusiyanın ərazidə lokal qələbələr əldə etməyə davam etməsi ilə bağlı real ehtimal var. Bununla belə, Rusiyanın əməliyyat baxımından əhəmiyyətli irəliləyiş əldə etmək üçün bölgədə kifayət qədər qüvvəsi olması ehtimalı azdır" - deyə, Britaniya Müdafiə Nazirliyi Twitter səhifəsində bildirib.

Bununla yanaşı, Ukrayna Baş Qərargahı Rusiyanın üç hava və dörd raket zərbəsi, eləcə də raket sistemlərindən Ukraynanın yaşayış məntəqələrini hədəf alan 60-dan çox atəş açdığını bildirib.

"Düşmən xeyli itki verərək, Liman və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir," Baş Qərargah səhər yayımladığı hesabatında bildirib.

"[Düşmən] Avdiyivka və Novopavliyivka istiqamətlərində uğursuz hücum həyata keçirib. Kupyansk və Zaporijiya istiqamətində düşmən öz mövqelərini müdafiə etmək üçün mübarizə aparır" - deyə, hesabatda bildirilir.

Ukrayna hərbçiləri həmçinin Donetsk vilayətinin Rusiyanın nəzarətində olan hissələrinin administratoru Denis Puşilinin rusların Donetsk şəhərindən təxminən 50 kilometr cənub-qərbdə yerləşən Vuhledar yaxınlığında irəliləmələri ilə bağlı iddialarını da rədd edib.

Ukrayna ordusunun ərazi üzrə sözçüsü Yevhen Yerin deyib ki, "biz mövqelərimizi itirməmişik".

Nə Rusiyanın, nə də Ukraynanın iddialarını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Rusiya rəsmisi bildirib ki, Moskva sərhədi qorumaq və təhlükəsizliyi təmin etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Kursk bölgəsinə əlavə qüvvə və texnika yeridib.

Vilayətin qubernatoru Roman Starovoit yerli administrasiyanın iclasında bildirib ki, artıq Kurskda silahlı qüvvələr, sərhədçilər və hüquq-mühafizə orqanlarından şəxsi heyət formalaşdırılıb.

Yerli hakimiyyət iddia edir ki, təxminən bir il əvvəl Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ərazi Ukrayna tərəfindən atəşə tutulub.

XS
SM
MD
LG