Təbrizdə yaşayan milli fəal Məhəmməd Purəli Təbriz Kəşfiyyat İdarəsində bir neçə saat təhlükəsizlik qüvvələri tərəfindən dindirilib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Kəşfiyyat Nazirliyinin Təbrizdəki təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Məhəmməd Purəlini telefon təması ilə Kəşfiyyat İdarəsinə çağırıb və dindiriblər. Dindirildikdən sonra ona qarşı məhkəmə işinin açıldığı bildirilir.
Məhəmməd Purəlinin yaxınları təhlükəsizlik qüvvələrinin son bir neçə gün ərzində onun evinə reyd keçirdiyini, onun şəxsi əşyalarını, o cümlədən kompüterini müsadirə etdiyini deyiblər.
Fəala qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat verilməyib.
Məhəmməd Purəli daha öncə də dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.