Şərqi Azərbaycan vilayətinin Tufarqan şəhərinin sənaye qəsəbəsində avtomobil yağı istehsal edən bir zavodda yanğın baş verib.
İran xəbər agentlikləri bildirib ki, yanğın yanvarın 28-nə keçən gecə Tufarqan şəhərinin (Azərşəhr) sənaye qəsəbəsində baş verib və yanğınsöndürmə briqadası səhər saatlarında yanğını söndürməyə nail olub.
Sosial mediada yayımlanan video görüntülərdə yanğının alovunda bir yanğınsöndürən maşınının yandığı müşahidə olunur. İran mediasında bəzi yağ çənlərinin yanğının istisindən partladığı qeyd olub.
Şərqi Azərbaycan Valiliyinin Böhranların İdarə Edilməsi üzrə Baş Direktorunun İSNA xəbər agentliyinə verdiyi açıqlamasına görə, hadisə nəticəsində tüstüdən bir yanğınsöndürən zəhərlənib. Yanğın nəticəsində başqa yaralanan və ölənin olmadığı deyilir.
Yanğının söndürülməsi üçün yaxınlıqdakı Mamağan, İlxçi, Binab, Təbriz, Üskü, Gogan şəhərlərindən, həmçinin Təbrizin Petrokimya fabrikinin yanğınsöndürmə briqadaları və 25 yanğınsöndürən maşınının göndərildiyi bildirilib.
Səlahiyyətlilərin sözlərinə görə, hadisənin səbəbləri və dəymiş maddi ziyanın məbləği araşdırılır.