Accessibility links

Jalə Təbrizli: İranda etirazlarda tutulan uşaqların bir çoxu tək valideynli və gənc ailələrdən idi


Jalə Təbrizli
Jalə Təbrizli

Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə İslam Respublikası əleyhinə etirazlarla əlaqədar tutulan vətəndaşların vəziyyətini şərh edib. Jalə Təbrizli həmçinin saxlanılan övladlarının vəziyyəti ilə əlaqədar məlumat almaq istəyən ailələrin üzləşdiyi çətinliklər haqqında danışıb.

İranda sentyabr ayında baş qaldıran ümummilli etirazlarla əlaqədar həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda qadın, habelə gənc və azyaşlı vətəndaşlar olub. Hüquq müdafiəçiləri gənclər və yeniyetmələrin həbsxanalar və təcridxanalarda ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayıb.

Jalə Təbrizli: İranda etirazlarda tutulan uşaqların bir çoxu tək valideynli və gənc ailələrdən idi
please wait

No media source currently available

0:00 0:13:57 0:00
Direct link

Jalə Təbrizli saxlanılan gənclər və yeniyetmələrin bir çoxunun tək valideynli və gənc ailələrdən olduğunu söyləyir.

“Ailələr çox gənc ailələrdirlər. Baxırsan uşaq 15-16 yaşında və anası da çox gəncdir. Bu uşaqların bir çoxunun ailələri təkdir, yəni, ya anadır ya atadır. Analar arada çox pərişan olur. Çünki bunlar siyasi insanlar deyil. Daha öncə bu məsələlərə qarışmayıblar. Uşaqları məktəb qarşısında, ya məktəbin içində tutulmuşdu, ya küçədə evə gəldikləri zaman,” deyə Təbrizli etirazlarda saxlanılan gənclər və yeniyetmələrin ailələrinin necə bir çıxılmaz vəziyyətə düşdüyünə diqqət çəkir.

O, ailələrin qarşılaşdığı çətinlikləri qeyd edir: “Bu ailələr çox şok olmuşdular. Bilmirdilər hara gedib, kimdən kömək istəsinlər. Bunlar nə siyasi insanlar idi, nə də fikir edirdilər ki, uşaqları etirazlara qatılar. Sepahın, kəşfiyyat idarələrinin önündə pərişan olurdular. Sepah da onların bu durumundan çox sui-istifadə edirdi. Bir sıra vədlər verirdilər ki, səsini çıxarmayın, bir şey deməyin ki, uşağınızı az müddətdə sizə verərik. Ailələrin bu vəziyyətə hazırlığı yox idi. Ona görə, çox incidilər. Bir şey ki bizə çox təəccüb gəlirdi, bu uşaqların analarının da yaşının çox aşağı olması idi. Bunların uşaqları etirazların tam ilk günlərində tutulmuşdu.”

Hüquq müdafiəçisi uşaqları həbs edilən bəzi anaların övladlarının vəziyyəti ilə əlaqələnmək üçün bir araya toplaşdıqlarını deyir: “Bəzi analar yığışdı bir yerə bir qrup təşkil etdilər. O qrup vasitəsilə bir-birlərini hazırlayırdlar, bir-birlərinə məlumat verirdilər ki, hara gedək, uşaqlarımız harada?”

Jalə Təbrizlinin mənsub olduğu hüquq müdafiə cəmiyyəti (Ərk) İran Azərbaycanında nəzarət altına alınan, eləcə də etiraz zamanı öldürülən bəzi uşaqların adlarını müəyyənləşdirib. O həmçinin ən az iki uşağın müvəqqəti azadlığa buraxıldıqdan sonra intihar etdiyini bildirir.

“Azərbaycan və digər türk bölgələrində tutulan 700-dən yuxarı insanın adı bizdə mövcuddur. Bu adlar bizim təsdiq etdiyimiz adlardır. Bir sıra ailələr istəmir uşaqlarının adı getsin. Kəşfiyyat idarəsi və Sepahın qorxusundan gənc qızlar və oğlanlarının adını vermək istəmirlər. Bəzən də biz adları yayımladıqdan sonra bizdən istəyirlər ki, adı götürün,” hüquq müdafiəçisi bildirir.

O, tutulanların bir çoxunun 15 və 18 yaş arasındakı qızlar və oğlanlar olduğunu söyləyir.

“İslam Cümhuriyyəti heç kəsə aman vermədi. 15-18 yaş arasında uşaqları tutdular. 15-16 yaşında uşaqlar var idi ki, həbsdən çıxdıqdan sonra intihar ediblər. Onlardan biri, Ərşiya İmamquluzadə idi ki, bir mollanın sarığını düşürməkdə ittiham edilmişdi. O qədər işgəncə olmuşdu, psixi vəziyyəti o qədər pis olmuşdu ki, çıxandan sonra özünü öldürür. Biri də Yəlda Ağafəzli idi. Tehranda yaşayırdı amma ailəsi Ərdəbil tərəflərindəndir...Uşaqlar işgəncəyə məruz qalıblar. Bəziləri cinsi əziyyətə məruz qalıb. Amma ailələr istəmir bunun üstü açılsın. Bəzi ailələr bu məsələlər haqqında danışır amma xahiş edirlər ki üstü açılmasın.”

XS
SM
MD
LG