Tehranda prezident İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhüdanın ev sahibliyi ilə keçirilən Beynəlxalq Nüfuzlu Qadınlar Konqresi daxildə və xaricdə geniş təpkilərə yol açıb.
Tehranda fəaliyyət göstərən Rouydad 24 və Asriran kimi internet portalları yanvarın 20-də fəaliyyətə başlayan 5 günlük konqres üçün böyük pulların xərclənməsini tənqid edib və tədbirə qatılan qadınların o qədər də nüfuzlu olmadığını önə çəkiblər.
Rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, konqres üç səviyyədə olan qonaqların iştirakı ilə keçirilib; müxtəlif sahələrdə tanınmış simalar, birinci xanımlar və nazir qadınlar.
İran mediasının yayımladığı xəbərlər və görüntülərdə Ermənistan, Burkina Faso, Qırğıxstan və Serbiya kimi ölkələrin prezident və ya baş nazirlərinin həyat yoldaşları tədbirə qatıldığı görünür.
İRNA Livandan tədbirə qatılan Hizbullahın lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullahı tədbirin özəl qonağı olduğunu yazıb
"Bu mərasimə xərclənən böyük pullar nəzərə alındığında gözlənilirdi ki, mərasimin qonaqları beynəlxalq arenada İranın ictimai diplomotiyasına faydalı olsunlar. Ancaq qonaqların siyahısı və mükafat alan qadınların siyahısına baxanda bu gözləntinin boşa çıxdığı görünür. [Mərasimə qatılan] qadınların hansı sahələrdə nüfuzlu olduqları bəlli deyil. Onların həyat yoldaşları üzərində təsirli olduqlarını fərz etsək də, gəldikləri ölkələrin dövlətləri beynəlxalq tənliklərdə ən az təsirə malikdirlər" , Rouydad 24 saytı yazıb.
İranın mütəffiqi hesab edilən Rusiya, Çin və hətta Suriyadan tədbirdə yükəsk səviyyədə iştirakın olmaması diqqət çəkib.
Britaniyada yerləşən farsdilli İran İnternational xəbər kanalı Ermənistanın Baş Naziri Nikol Paşinyannın həyat yoldaşı Anna Hakobyanın İran İslam Respublikasına hörmətindən deyil, Azərbaycan Respublikası və Türkiyəyə mesaj göndərmək hədəfi ilə iştirak etdiyini bildirib.
İranda fəaliyyət göstərən Etemadonline saytına istinadən, hökümətin təşkil etdiyi Beynəlxalq Nüfuzlu Qadınlar Konqresinə sərt bir reaksiya da məşhur idmançı və Tehran şəhər şurasının keçmiş üzvü Rəsul Xadimdən gəlib.
Xadim tədbir üçün böyük pullar xərcləndiyini tənqid edib və tədbirə dəvət edilən qadınların "özlərindən heç bir kimliyə sahib olmadıqlarını" irəli sürüb.
Rouydad 24 saytının xəbərinə görə, tədbirin son günündə 7 qadına toplam 14,000 avro dəyərində mükafat təqdim edilib.