ABŞ-ın Kaliforniya ştatının polisi bazar ertəsi kənd təsərrüfatı obyektlərində bir-biri ilə əlaqəli iki atışma zamanı 7 nəfərin öldürüldüyünü bildirib.
Atışma San-Fransiskonun cənubundakı Half Moon Bay şəhərində baş verib. Rəsmilər mətbuat konfransında dörd nəfərin ölü tapıldığını, beşinci şəxsin hadisə yerində güllə yaraları ilə aşkar edildiyini, daha üç nəfərin isə hadisə yerindən bir neçə kilometr aralıda ölü tapıldığını bildirib.
San-Mateo dairəsinin şerifi Kristina Korpus atəş açan şübhəlinin 67 yaşlı Chunli Zhao olduğunu və onun atışma yerlərindən birində işlədiyini bildirib.
Rəsmilər şübhəlinin özü təslim olmaq üçün maşınını polis bölməsinin dayanacağına sürdükdən sonra həbs edildiyini xəbər verib. Avtomobildə silah aşkar edilib.
Korpus şübhəlinin müstəntiqlərlə əməkdaşlıq etdiyini, ancaq hadisənin motivin hələ aydın olmadığını bildirib.
"Biz hələ də nə baş verdiyini və niyə baş verdiyini anlamağa çalışırıq, lakin bu, inanılmaz dərəcədə faciəvidir," ərazini təmsil edən ştat senatoru Coş Beker bildirib.
Bu atışmadan iki gün əvvəl - şənbə günü ştatın cənubundakı Monterey Park şəhərində də 11 nəfərin ölümü və 9 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışma baş vermişdi.
Kaliforniya qubernatoru Qavin Nyusom Twitter hesabında bildirib ki, bazar ertəsi hücumlar barədə xəbəri eşidəndə xəstəxanada şənbə günü atışmasında yaralananalara baş çəkirdi.
"Faciə üstünə daha bir faciə," o, Twitter-də yazıb.