Accessibility links

Mövsüm Səmədov 12 ildən sonra azadlığa çıxıb


Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov

Yanvarın 19-da 12 ildir həbsdə olan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov azadlığa buraxılıb. Ona verilmiş 12 il azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatıb. Mövsüm Səmədov saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Azadlığa çıxandan sonra o öz təəssüratlarını bölüşüb:

"Həyat bir sınaqdır, zindan da o sınaqlardan biridir. Bizə də qismət oldu ki, bir müddət zindanda olaq. Hər kəs istəyir ki, siyasi-ictimai fəaliyyətdə olsun, zindanı da nəzərə almaması mümkün olmayan bir şeydir. İnsan zindandan çıxandan sonra özünü daha yaxşı tanıyır".

Bundan sonrakı fəaliyyəti ilə bağlı suala gəldikdə, partiya sədri fəaliyyətinin istiqamətinin silahdaşlarının ona qarşı mövqeyindən asılı olacağını deyib.

"Biz cəmiyyətdəki ictimai-siyasi problemləri qaldırdığımıza görə tutulmuşuq. Siyasət elə bir məfhumdur ki, sən onun qapısını döyməsən də, o sənin qapını döyür. Yəni kimsə deməsin ki, biz siyasətdən uzaq ola bilərik, bu, düzgün bir şey deyil. Çalışacağıq ki, Azərbaycanın ictimai vəziyyətini müəyyən qədər yaxşılaşdıra, qabağa apara biləriksə öz gücümüzü əsirgəməyək" - deyə, partiya sədri bildirib.

Mövsüm Səmədov 2011-ci ilin yanvarında dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə barəsində hökm çıxarılmışdı.

İddia olunurdu ki, İslam Partiyasının sədri Quba rayonunda yaşayan əmisi oğlu və başqa şəxslərə iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verib, bu barədə hüquq-mühafizə orqanlarına məlumatlar daxil olub. Həmçinin onlardan silahlar tapılıb.

Lakin Mövsüm Səmədov və digər şəxslər bu ittihamların saxta və absurd olduğunu bildirir, bunu təsdiqləyən heç bir sübut ortaya qoyulmadığını deyirdi.

XS
SM
MD
LG