Accessibility links

Con Herbst: ABŞ və NATO müttəfiqləri Ukraynaya lazım olan bütün silahları göndərməlidir


Con Herbst: ABŞ və NATO müttəfiqləri Ukraynaya lazım olan bütün silahları göndərməlidir 
please wait

No media source currently available

0:00 0:07:29 0:00

Con Herbst: ABŞ və NATO müttəfiqləri Ukraynaya lazım olan bütün silahları göndərməlidir 

Rusiyanın Ukraynada apardığı müharibə bu həftə Davosda dünya liderlərinin qatıldığı Dünya İqtisadi Forumunun əsas diqqət mərkəzində olub. Ukrayna prezidenti Volodimir Zelenski Davosda dünya liderlərinə video müraciətində silahların çatdırılmasını sürətləndirməyə çağırıb. O, ölkənin şərqində davam edən döyüşlərə baxmayaraq, Ukraynanın hələ də güclü olaraq qaldığını, lakin Qərbin daha sürətli hərəkət etməli olduğunu bildirib. Vaşinqtonda Atlantik Şuranın Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə Qərbin yardımı və Ukraynada durumu şərh edib.

Amerikanın Səsi: Səfir Herbst, siz hazırda Dünya İqtisadi Forumunda Davosdasınız, və Rusiyanın Ukraynada apardığı müharibə gündəmdə əsas mövzudur. Sizin fikrinizcə, forum və dünya liderləri Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə yardım məsələsində nəyə nail ola bilərlər?

Con Herbst: Davosda dünyanın hər yerindən insanlardan ibarət maraqlı qrup var. Düşünürəm ki, Avropada, ABŞ-da, Kanada, Yaponiya və Avstraliyada Rusiyanın işğalçılıq müharibəsi və soyqırım, ya da soyqırım həddində müharibə cinayətlərinin törədildiyi müharibə apardığını yaxşı başa düşürlərsə də, qlobal cənubda dünya ölkələrinin əksər hissəsi bunu anlamır və bu, təəssüf doğurur. Siz haqlısınız. Moskvanın Ukraynaya qarşı müharibəsi burada müzakirələrin əsas mövzusudur. Bu, belə də olmalıdır. Bu, hazırda dünyada baş verən ən mühüm hadisədir və Putinin Ukraynada aqressiyasını məğlub etmək baş verməli olan ən vacib bir şeydir. Beləliklə, biz xüsusilə diqqətəlayiq inkişafın şahidi olduq. Birincisi, əlbəttə ki, prezident Zelenskinin foruma müraciəti oldu və bu, çox yaxşı qarşılandı. O dedi ki, bu, dünya tarixində mühüm bir məqamdır. Ukrayna Moskvanın amansız qırğın müharibəsi ilə üz-üzədir və Ukrayna çoxlu yardım alıb, amma daha çox yardıma ehtiyacı var. Zelenski tamamilə haqlıdır. Amerikanın əsas marağı Ukraynada Putini məğlub etməkdə Ukraynaya kömək etməkdir.

Amma daha diqqət çəkən başqa bir şey odur ki, forumda çıxış edən Henri Kissincer deyib ki, müharibənin nəticəsi Ukraynanın NATO-ya daxil olmasını da əhatə etməlidir. Mən deyərdim ki, Henri Kissincer bu münaqişəyə baxışında çox irəli gedib. O bundan əvvəl deyirdi ki, Ukrayna neytral olmalıdır. Beləliklə, o, çox şey öyrəndi və əvvəlcə kifayət qədər zəif olan mövqeyinin xeyli gücləndiyini göstərdi. Siz Moskvada Kissincer haqqında müdrik bir kahin kimi danışmağı sevən insanların indi onun Ukraynanı NATO-ya üzv olmağa və siyasəti yenidən qurmağa çağırdığını fərq etdiyini düşünə bilərsiniz. Mən bunun baş verəcəyini gözləmirəm, amma belə olsaydı, əlbəttə ki, bu, çox yaxşı olar. Bu baş verənə qədər, Moskva Ukraynaya təcavüzünü dayandırana qədər ABŞ və bizim NATO müttəfiqlərimiz Rusiyanın bütün qüvvələrini Ukraynadan çıxarmaq üçün lazım olan bütün silahları Ukraynaya göndərməlidirlər.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, Ukrayna prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumuna xüsusi müraciətində Qərb müttəfiqlərini müasir silahların tədarükünü sürətləndirməyə çağırıb. Müttəfiqlər Ukraynaya dəstək məsələsində birlik göstərirmi?

Con Herbst: Putinin Ukraynaya qarşı müharibəsi NATO-nu dağıtmaq olmasa da zəiflətmək səylərinin bir hissəsi idi və bu səylərin bir hissəsi olaraq qalır. Təbii ki, onun keçən ilin fevralında başladığı bu müharibə, bu müdaxilə NATO-nu Kremlin təcavüzünə qarşı nəinki daha da birləşdi, həm də NATO-nun genişlənməsinə gətirib çıxardı, belə ki, Finlandiya və İsveç onun üzvü olacaq. Neytrallığı ilə tanınan bu iki ölkə NATO tərəfindən təcavüzkar Rusiyadan müdafiə olunmağa ehtiyac olduğunu başa düşür. Buna görə də bu, çox vacibdir.

Amerikanın Səsi: Rusiya qüvvələri Rusiya ordusunun mülki yaşayış məntəqələri və enerji infrastrukturunu hədəf alan raket zərbələri endirməklə hücum əməliyyatlarını Ukraynanın şərqində Baxmut ətrafında davam etdirir. Hazırkı məqamda Rusiyanın strategiyası nədən ibarətdir?

Con Herbst: Bu, Ukrayna xalqını terrora məruz qoyaraq, Rusiyanın ölkədə dominantlığını qəbul etməyə məcbur etmək cəhdidir və bu, uğursuzluğa uğrayır. Düzdür, Ukrayna faktiki olaraq müharibə cinayəti sayılan bu kampaniya nəticəsində elektrik enerjisi istehsalının təxminən 50 faizini itirib. Lakin bütün bunlar onları döyüş meydanında rusları məğlub etmək üçün daha qətiyyətli etdi. Beləliklə, bu, Ukraynanın diqqətini döyüş meydanından yayındırmaq əvəzinə, onların silahlı qüvvələrindən istifadə etməklə rusları Ukraynadan qovmaq əzmini daha da gücləndirir və sonda belə də olacaq.

Amerikanın Səsi: Gərginliyin artmasının qarşısını almaq üçün Ukraynanın Moksva ilə danışıqlara başlamasına dair çağırışlar edilir. Lakin başqaları bildirir ki, Ukraynanın Rusiyanı məğlub etməsinin ən yaxşı yolu Kyivin danışıqlarda ən yaxşı mövqeyə nail olmasını təmin etmək üçün hərbi yardımı davam etdirməkdir. Nə edilməsi lazımdır?

Con Herbst: Baxın, biz nə Putindən, nə də onun baş müşavirlərindən Moskvanın ədalətli sülh danışıqları istədiyinə dair heç bir işarə görmədik. Moskva hələ də Krımın və Ukraynanın sentyabrda ilhaq edildiyini bildirdiyi dörd bölgəsinin Rusiya ərazisi olduğunu iddia edir. Buna görə də Ukrayna necə danışıqlar apara bilər? Baş verməli olan odur ki, biz Ukraynaya rusları Ukraynadan qovmaq üçün lazım olan bütün silahları verməliyik. Moskva danışıqlar təklif etmək istəyirsə, Ukrayna bunu istəsə qəbul edəcək. İndi onlar rusları Ukraynadan çıxarmaq üçün hərbi əməliyyatlarını davam etdirirlər.

Amerikanın Səsi: Müharibənin yaxın gələcəkdə sonunu görürsünüzmü? Sizin fikrinizcə, müharibə necə bitə bilər?

Con Herbst: Müharibə o zaman başa çatacaq ki, Moskva öz təcavüzünün iflasa uğradığını başa düşəcək. Mən hesab edirəm ki, müharibəni bitirməyin ən qısa yolu Ukraynanın döyüş meydanındakı hazırkı üstünlüyünün həlledici olmasını təmin etməkdir. Əgər Ukrayna istədiyi silahları alsa idi - o bir qədər alır, lakin Vaşinqton hələ də Ukraynanın daha uzunmənzilli artilleriya [silahları] haqda müraciətinə çox ehtiyatla və tərəddüdlə cavab verir - əgər biz Ukraynaya bu uzaqmənzilli artilleriya, eləcə də əlavə tanklar, həmçinin F-16 və ya F-15 təyyarələri versəydik, Ukrayna Baxmut ətrafında qırğını dərhal dayandırardı. Ukrayna Rusiyadan işğal altındakı Ukraynadan Krıma gedən quru körpünü kəsməklə cənubda torpaqları geri ala bilərdi. Bundan sonra bütün Rusiya qüvvələri Ukraynanın cənubundan Krıma çəkilməli olacaqdı və Putin üçün Krımda öz qüvvələrini və oradakı hökumətini təchiz etmək kimi çox çətin bir problem olacaqdı. Biz bunu edə bilərdik, Ukrayna bizim dəstəyimizlə bunu edə bilərdi və biz bunu etməliyik. Bu baş verəndən sonra bu, Putin üçün böyük məğlubiyyət, çox böyük bir məğlubiyyət olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG