Rusiya və Belarus bayraqları Avstraliya Açıq çempionatında qadağan edilib.
İdman üzrə ilin ilk Böyük Dəbilqə yarışmasının təşkilatçısı olan Avstraliya Tennis Federasiyası (Tennis Australia) çərşənbə axşamı verdiyi açıqlamada qadağanı elan edib.
Bundan bir gün öncə ukraynalı Katerina Baindl və rusiyalı Kamilə Rəhimova arasında keçirilən birinci tur matçında izdihamda Rusiya bayrağı görünüb.
Rusiya bayrağının azarkeşlər tərəfindən qaldırılması Ukraynanın Avstraliya və Yeni Zelandiyadakı səfiri Vasili Myroşnıçenkonun bayrağın turnir zamanı göstərilməsi ilə bağlı ölçü götürməyə çağırmasına səbəb olub.
Avstraliya Tennis Federasiyası isə bildirib ki, onun ilkin siyasəti azarkeşlərə bayraqları matçlara gətirməyə icazə vermək olub, lakin "onlardan problem yaratmaq üçün istifadə edilə bilməz".
Rusiyalı oyunçular, Rusiyanın Ukraynaya 11 aydır davam edən hərbi müdaxiləsi səbəbindən Avstraliya Açıq Çempionatında "neytral" idmançılar kimi mübarizə aparırlar. Onların milliyyətləri heç bir rəsmi sənəddə qeyd edilmir və bu statusda televiziyada adlarının yanında ölkə bayraqları göstərilmir.
Eyni siyasət Rusiyanın əsas müttəfiqi kimi işğala təşkilati dəstək verən Belarus oyunçulara da şamil edilib.