Yanvarın 17-də Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvləri Prezident Administrasiyanın qarşısında etiraz aksiyası keçiriblər. Gözdən əlilliyi olan şəxslər bildirirlər ki, cəmiyyətin sədr seçkisi qanunsuz və cəmiyyətin üzvlərindən xəbərsiz keçirilib. Onlar seçkinin nəticəsinin ləğvini tələb ediblər.
Gözdən əlilliyi olan şəxslərin sözlərinə görə, onlar 29 dekabr 2022-ci ildə keçirilən qurultaya etiraz ediblər, lakin İctimai Birliyin sədri Səmyar Abdullayev qurultayın keçirildiyi binaya polis çağırıb. Etirazçılar deyir ki, polis onlara zorakılıq göstərərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi aparılıblar.
İctimai Birliyin üzvü Vəfadar Novruzov bildirib ki, İctimai Birlik onların hüquqlarını pozur:
“Gözdən əlillərlə dövlət arasında sədd yaranıb. Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən bu günə qədər bir qrup şəxsin əlində cəmləşib. Özləri istədikləri kimi Gözdən Əlillər Cəmiyyətinə dövlətin verdiyi evləri satırlar. Dövlətin verdiyi bütün qayğıları özləri istədikləri kimi mənimsəyirlər. Siz təsəvvür edin ki, biz ölkədə 2-ci, 3-cü dərəcəli vətəndaş hüququnda qalmışıq”.
Onun sözlərinə görə, onlar illərdir Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət bildirsələr də heç bir tədbir görülməyib.
“Əgər Gözdən Əlilliyi olan şəxslər qurultay keçirirsə, niyə ora polis dəvət olunmalıdır? Əgər şəffaf seçki keçirilirsə, hər kəs tənqidə və irada hazır olmalıdır. Hər kəsin söz demək qabiliyyəti, öz fikrini çatdıra bilmək qabiliyyəti var. Narazı adamların da hamısı ali təhsilli, ziyalı, müəllimlər, dövlət müəssisələrində işləyən adamlardır. Bunları polis gücünə oradan uzaqlaşdırıb, bölməyə aparıb qurultayı öz aralarında keçirdiyi üçün biz hesab edirik ki, bizim qurultayın nəticələrini Ədliyyə Nazirliyi qeydə almamalıdır”, deyə Novruzov bildirib.
Polis tərəfindən döyüldüyünü iddia edən Ruslan Şahverdiyevin tələbi əlillərə qarşı olan qanunsuz davranışa son qoyulmasıdır və bu məsələnin dövlət tərəfindən araşdırılmasıdır:
“Baxmayaraq ki, biz ora sivil qaydada getmişdik və qurultayda iştirak etmək istəyirdik, çox təəssüf ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bizə güc tətbiq olundu. Bu Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev tərəfindən qurulmuş bir plan idi. Orada bizim bir çox dostlarımıza işgəncə göstərildi, o cümlədən, mənim özümü də vəhşicəsinə döyüblər, işgəncə veriblər. Xahiş edirəm ki, bu haqsızlığa son qoyulsun”.
Cəmiyyətin üzvü Əli Kərimovun sözlərinə görə o da şəffaf seçki tələbiylə qurultayın keçirildiyi binaya yollanıb və polis tərəfindən saxlanılan 12 nəfərdən biridir.
“Dostlarımızı sürüyüb maşına soxurdular, mən müdaxilə elədim ki, “nəyə aparırsan onu?”, elə onu əlimdən alıb maşına basdılar. Mənim özümü də zorakılıqla, sürüyə-sürüyə maşına basıb bölməyə apardılar”, deyə Kərimov bildirib.
Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayevlə əlaqə qurmaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, iddialar araşdırılıb və daxil olmuş müraciət üzrə polis əməkdaşları müvafiq profilaktik tədbirlərin görülməsini təmin edib:
“İmtiyazlı şəxslərə hüquqazidd, hər hansı qeyri-insani rəftarla bağlı bir hal yoxdur. Polis əməkdaşları tərəfindən dəvət olunan həmin şəxslərlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıblar. Onlar barəsində hər hansı cinayət, yaxud inzibati icraat tədbiri görülməyib. Onları qorumaq, imtiyazlı şəxslərin hüquq və vəzifələrinin təmin olunması, hamı kimi polis əməkdaşlarının da vəzifələri sırasındadır”.
Aksiyaya polis müdaxiləsi olmayıb.