Accessibility links

Tibb məntəqəsinin və yolun olmadığı Şabranın Çuxurazəmi kəndindən fotoreportaj

Çuxurazəmi kəndi Şabranın mərkəzindən təxminən 75 kilometr aralıqda yerləşir. Bu kənd istiqamətində normal yol olmadığı üçün ən yaxın mərkəzdən ora çatmaq üçün bir saat yarım vaxt lazım oldu. Qar və yağış yağanda isə kəndlə əlaqə tam kəsilir.

Yolun qırağında dayanan taksilər sərnişinləri kəndə 90-100 manata aparıb-gətirir. Bu əgər bəxtiniz gətirsə. Bəzi taksi sürücüləri ümumiyyətlə bu kəndə getməkdən imtina edirlər. Deyirlər ki, kəndə gedib, oradan qayıdandan sonra maşını təmir etmək lazım olur.

Qazı-suyu olmayan bir kənddə insanların sayı da durmadan azalır. Ətrafa baxdıqda çoxlu sayda tərk edilmiş evlər görmək mümkündür. Əvvəl 300-ə yaxın insanın yaşadığı kəndə hazırda 40-50 insan yaşayır.

Burada tibb məntəqəsi belə yoxdur. Sakinlər deyir ki, bir neçə ay öncə kənddə yaşlı bir qadın həkimin vaxtında gəlməməsindən vəfat etdi.

İşsizlik də digər kəndlərdə olduğu kimi ən böyük problemlərdən biridir. Yalnız bir doqquz illik orta təhsil verən məktəb var. Sakirlər bu kəndə təyinat alan müəllimlərin bura gəlməkdən imtina etdiyi deyir. Səbəb isə artıq məlum olduğu kimi yolsuzluq və sosial həyatın aşağı olması idi.

Kənd sakinləri deyir ki, bura “allahın unutduğu yerdir”. Onlar İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin bunun heç bir nəticəsi olmadığını deyirlər.


XS
SM
MD
LG