Accessibility links

Azərbaycanda minimum aylıq əməkhaqqı artırılıb


Prezident İlham Əliyev "Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Sənəddə bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə son illərdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.

Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, ölkədə minimum aylıq əməkhaqqının məbləğinin 345 manat olması muzdla çalışan və rəsmi müqavilə ilə çalışanlara təsir göstərir.

please wait

No media source currently available

0:00 0:02:03 0:00

"Yəni onların maaşları bundan aşağı ola bilməz. Amma minimum əməkhaqqı artıqca başqa bir ciddi problem yaranır. Əvvəl onu deyim ki, təbii ki, artım adekvat deyil. Azərbaycanda inflyasiya daha yüksəkdir. Daha yüksək maaş və təqaüdlər gözləntisi var. Ən azından əhalinin böyük bir hissəsində. Amma burada başqa bir poblem də var. İllərdir bu problemi dilə gətiririk. Azərbaycanda VÖEN-lə 800 minə yaxın çalışanlar var. Onların Sosial Müdafiə Fonduna ödənişləri minimum əmək haqqına bağlıdır. Minimum əməkhaqqı artan kimi, istər-istəməz onların vergi yükü artır. DSMF-yə ödədiyi yük artır. Yəni indi 345 manatdan hesablanıb. Bu da minimum əməkhaqqının 25 faizini Sosial Müdafiə Fonduna ödəmək məcburiyyəti var əksər fəaliyyət növündə. Bir neçə fəaliyyət növü var ki, orada 50 faizdir. Əksəriyyətdə onun 25 faizini nəzərə alsaq çox ciddi rəqəmlərdən söhbət gedir" ekspert deyib.

Onun fikrinə görə, bu minimum əməkhaqqının DSMF-yə bağlantısı VÖEN-lə çalışanlar üçün qanunda nəzərdə tutulan şərtlər aradan qaldırılmalıdır.

"Bundan sonra minimum əməkhaqqı doğru indikatorlarla hesablanmalıdır. Doğru indikatorlarla hesablansa, VÖEN-lə çalışanların vergi yükünün artması məsələsi qanundan çıxarılsa , minimum əməkhaqqı təxminən 500 manat civarında olmalıdır", o qeyd edib.

Bu sərəncama qədər Azərbaycanda minimum əməkhaqqı 300, əmək pensiyasının minimum məbləği isə 240 manat idi.

XS
SM
MD
LG