Accessibility links

Ruslan İzzətli: Vətəndaş cəmiyyəti zəif olan ölkədə siyasi institutlar da zəif olacaq


Ruslan İzzətli
Ruslan İzzətli

Siyasi fəal Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycan siyasi institutların, vətəndaş cəmiyyətinin problemlərindən, bu problemi yaradan səbəblərdən, o cümlədən bu sahədə atılmalı olan addımlardan danışıb.

Amerikanın Səsi: Ölkədə ictimai fəaliyyət üçün mühit necədir?

Ruslan İzzətli: Ölkədə ictimai-siyasi mühit getdikcə daralır. Siz bunu qəbul edilən qanunvericilikdə görə bilərsiniz. İstər “QHT-lər haqqında” qanun, istər “Media haqqında" qanun, “Siyasi partiyalar haqqında”qanun. Bu onu göstərir ki, siyasi hakimiyyət ölkədə ictimai- siyasi fəaliyyəti bir formada boğmağa çalışır. Bu əvvəllər siyasi institutlara və siyasi təşkilatlara tədbir keçirmək yeri verməmək və yaxud bunun qarşısını almaq xidmət edirdisə, indi artıq bunu qanunvericilik bazasında hazırlayırlar ki, artıq sənin fəaliyyətinin qarşısı alınsın. Ən son mürtəce qanunlardan biri “Siyasi partiyalar haqqında” qanundur. Mən düşünürəm ki, siyasi hakimiyyət vətəndaşların siyasi aktivliyini, siyasi seçimi yönündə hər hansı öhdəlik qoymamalıdır. Biz isə qanunları maddə-maddə oxuyanda görürük ki, hakimiyyət maksimum siyasi fəaliyyəti daraltmağı və özünün istədiyi formada düzənləməyə çalışır. Amma siyasi hakimiyyət anlamalıdır ki, dünyanın heç bir yerində siyasi hakimiyyətlər müxalifətini və fərqli düşünənləri seçə bilmir.

Amerikanın Səsi: Qanunvericilik bazası sərbəst şəkildə ictimai fəaliyyət göstərilməsi üçün şərait yaradırmı? Real vəziyyət necədir?

Ruslan İzzətli: Ölkədə real vəziyyət hər kəsə aydındı. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır, ölkədə ifadə azadlığı bir formada qarşısı alınıb. Ölkədə seçmək, seçilmək hüququnun qarşısı alınıb. Hökumət əlindəki inzibati resurslarla maksimum bunun qarşısını almağa çalışır. Amma son illər isə, bunu daha çox qanunvericilik bazasında hazırlamğa çalışdı. Bu mühit təbii ki, insanların siyasi fəaliyyətinin qarşısını alır. Birləşmək hüququnun qarşısını alır. Vətəndaşlar yığışıb bir ideya, bir fikir ətrafında partiya qurmasını artıq dövlət məhdudlaşdırır. Orada üzv sayı qoyur, müəyyən şərtlər qoyur. Ən əsası orada reyestr xidməti qoyur. Dövlət siyasi partiyanı hər ay, bir növ sınaqdan keçirmə öhdəliyi qoyur. Bu da fərqli düşünən, fərqli forma yaratmaq istəyən şəxslərin qarşısını almaq üçün atılan addımlardan biridir.

Ruslan İzzətli: Vətəndaş cəmiyyəti zəif olan ölkədə siyasi institutlar da zəif olacaq
please wait

No media source currently available

0:00 0:06:52 0:00

Amerikanın Səsi: Bir çox ekspertlər ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı qanunvericilik islahatlarına ehtiyac duyulduğunu bildirir. Siz necə hesab edirsiniz?

Ruslan İzzətli: Ölkədə istər vətəndaş cəmiyyəti, istər digər institutların normal fəaliyyət göstərməsi üçün ciddi və fundamental islahatlar gərəkir. Amma sual olunur ki, bu hökumət bu siyasi islahatlara gedərmi? 2016-cı il referendumundan sonra hakimiyyət siyasi və iqtisadi cəhətdən müxtəlif quruplardan bir qrupun idarəetməsinə keçdi. Hakimiyyət oliqarxiyadan imtinanı, cəmiyyətə islahat kimi təqdim etməyə başladı. Bu zaman istər vətəndaş cəmiyyəti, istər media, istərsə də bəzi siyasi qurumlarda bir ümid yarandı ki, həqiqtən hakimiyyət islahata gedir. Artıq yumşalma var. Bunun üçün müəyyən imitasiyalar elədi. Dövlət televiziyalarında müəyyən şəxslərə efir vaxtı tanındı. Müəyyən görüşlər üçün haqqlar və hüquqlar tanınmağa başladı. Amma biz bilirdik ki, bu köklü dəyişiklik deyil və imitasiya xarakterli dəyişiklikdi. İndi gəldiyimiz nöqtə budur ki, hakimiyyət istər vətəndaş cəmiyyəti, istər media, istərsə də siyasi institutları məhdudlaşdırmaq üçün qanunvericilik bazası yaradıb. Əvvəl inzibati resurslarla bunu məhdudlaşdırmağa çalışırdı. Bu mühitdə təbii ki, siyasi faəliyyət göstərmək daha çətindi. Eyni hakimiyyətin apardığı bu siyasəti Nazarbayev də edib. Partiyalar haqqında qanun dəyişdi. Seçki sistemini dəyişdi. Düşünürdü ki, namizədlər və namizəd olmaq istəyən şəxslər onların bəlirlədiyi partiyalara namizəd olmalıdır. Qazaxıstanda nə baş verdi? Siyasi institut, müxalif fikir, fərqli düşünən insanlar ölkədən didərgin salındı. Amma insanların küçəyə çıxmaq haqqın qabağını ala bilmədi. Bu cür mürtəce qanunlar müsbət dəyişkliyin qabağını almır, daha da insanlar aqressivləşir. Çünki insanlar artıq ifadə formasını tapa bilmirlər.

Amerikanın Səsi: Beynəlxalq donor təşkilatlarının Azərbaycanda fəaliyyəti sahəsində hansı çətinliklər var, Bu sahədə durumu yaxşılaşdırmaq üçün nə edilməlidir?

Ruslan İzzətli: Otuz ildir ölkəni idarə edən bu siyasi hakimiyyət müxtəlif dönəmlərdə siyasi institutları məhv etməyə başladı. Bu öncə başladı müstəqil media orqanları məhv edilməyə. Sonra siyasi partiyalara basqı başladı. Qərargahlar alındı. Bunun son rıçaqı olan vətəndaş cəmiyyətinə hücum edildi. 2010-2015-ci illər ciddi vətəndaş cəmiyyətinə basqı oldu. Bir neçə şəxslər həbs edildi. Bir çox QHT ofisləri bağlandı. Bundan sonra vətəndaş cəmiyyəti Azərbaycanda fəaliyyəti bir növ məhdudlaşdırıldı. Beynəlxalq təşkilatların da burada fəaliyyəti məhdudlaşdırıldı. Bu otuz illik siyasətin apardığı məntiqi nəticəsi idi. Hökumət istəyir ki, həm medianı, həm vətəndaş cəmiyyətini, həm də siyasi institutları özü formalaşdırsın. Hökumət anlamlıdır ki, dünyanın heç bir yerində siyasi iqtidarlar öz müxalifətini seçə bilmir. Siyasi iqtidarlar vətəndaş cəmiyyətini formalaşdıra bilməz. Siyasi iqtidarlar öz tənqidçisini formalaşdıra bilməz. Formalaşdıra bilər. O zaman ona epitetlər qoşacaqlar. “Avtobus müxalifəti”, “Cib müxalifəti”, və ya “Yandaş media”. Real insanların fikirlərini ifadə edəcək şəxsləri cəmiyyətdə görməyəcək. Təbii ki,vətəndaş cəmiyyəti zəif olan ölkədə siyasi institutlar da zəif olacaq.

Qeyd: Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan hökuməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

XS
SM
MD
LG