Accessibility links

Ukrayna fevralın sonunadək BMT-də sülh sammitinin keçirilməsini istəyir


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, onun hökuməti fevralın sonunadək BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə sülh sammiti keçirməyi planlaşdırır.

"Birləşmiş Millətlər Təşkilatı bu sammitin keçirilməsi üçün ən yaxşı məkan ola bilər, çünki bu, müəyyən bir ölkəyə xeyir vermək üçün deyil"

Associated Press-ə müsahibə verən Kuleba bildirib ki, "Bu, həqiqətən hamını bir araya gətirməkdir".

Bir gün əvvəl Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb edəcəyini bildirən Kuleba Rusiyanın yalnız müharibə cinayətləri tribunalına çıxarıldığı təqdirdə belə bir sammitə dəvət edilə biləcəyini deyib.

Diplomatiya münaqişənin sona çatmasında həmişə mühüm rol oynayır deyən Kuleva əlavə edib ki, Ukrayna Quterreşin iştirakını alqışlayacaq, çünki o, səmərəli vasitəçi və "prinsipial və dürüst insan" olduğunu sübut edib.

Kuleba, həmçinin Rusiya prezidenti Vladimir Putin və digər Rusiya rəsmilərinin Moskvanın danışıqlara hazır olması ilə bağlı şərhlərini ciddi qəbul etməyib.

"Onlar müntəzəm olaraq danışıqlara hazır olduqlarını deyirlər, bu, doğru deyil, çünki döyüş meydanında etdikləri hər şey bunun əksini sübut edir" - deyə, Kuleba AP-yə verdiyi müsahibəsində bildirib.

Hələ dekabrın əvvəlində Ukrayan Prezidenti Volodimir Zelenski demişdi ki, Ukrayna 2023-cü ildə sülh formulu üçün sammit keçirməyi planlaşdırır. Zelenski bu formulu noyabrda İyirmiliklər Qrupunun sammitinə də təqdim edib.

10 bəndlik formulda Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması, bütün məhbusların azad edilməsi, təcavüzə görə məsuliyyət daşıyanlar üçün tribunalın yaradılması və Ukrayna üçün təhlükəsizlik təminatlarını yer alır.

XS
SM
MD
LG