Accessibility links

Tehran məhkəməsi siyasi məhbus Əkbər Nəiminin həbs hökmünü qüvvədə saxlayıb


Əkbər Nəimi
Əkbər Nəimi

Tehran Məhkəməsi 2021-ci ilin iyul ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan türk fəal Əkbər Nəiminin 9 il və 8 aylıq həbs, ölkədən çıxış qadağası və ictima-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.

Tehranın Ali Məhkəməsi Nəiminin hökmünü ləğv edib və onun işini yenidən baxılması üçün “bərabər statuslu” məhkəməyə göndərməsinin ardınca siyasi fəal iki həftə əvvəl Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində yenidən hakim qarşısına çıxarıldı.

Həftə sonu Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi saytların yaydığı xəbərə görə, apellyasiya məhkəməsinin qərarı ilə ali məhkəmədə ləğv edilən hökm yenidən qüvvəyə minib. Yeni qərar bu yaxınlarda siyasi fəalın vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyiyə göstərilib.

Əkbər Nəimi 2020-ci ilin yanvar ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən Tehrandakı iş yerində saxlanılıb və təqribən 2 ay nəzarətdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Daha sonra Tehranın İnqilab Məhkməsəində mühakimə olunan milli fəal “qanunsuz qruplaşmaya üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “nizama müxalif qüvvələrin xeyrinə təbliğat fəaliyyəti” göstərmək ittihamları ilə əlaqədar müvafiq olaraq 5 il, 4 il və 8 ay həbsə məhkum edilmişdi. Məhkəmə ona qarşı əlavə olaraq ölkədən çıxış qadağası və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzası çıxarmışdı.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Nəimi barəsində çıxarılan ən ağır həbs cəzası, yəni 5 il həbs hökmü icra ediləcək.

Nəzarət altına alınmadan əvvəl Tehranda bir hava yolları şirkətində çalışan Əkbər Nəimi həbs və mühakimə edilməsinin ardınca işdən çıxarılıb.

XS
SM
MD
LG