Türkiyə məhkəməsi İstanbul meri Əkrəm İmamoğlunun YSK sədrini və üzvlərini təhqir etdiyi iddiası ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.
Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsi ilə cəzalandırılan İmamoğlu barəsində siyasi fəaliyyətin qadağan edilməsi prosesi başladılıb.
Qərarın qüvvəyə minməsi üçün apellyasiya məhkəməsi və Ali Məhkəmə prosesləri də başa çatmalıdır.
Həbs cəzasının müddəti üç ildən az olduğu üçün Əkrəm İmamoğlu həbsə girməyəcək. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, onun bir sutka həbsxanada qalacağı, bələdiyyə sədrliyi və CHP-yə üzvlükdən çıxarılacağı gözlənilir.
ABŞ Dövlət Departamenti İstanbulun meri Əkrəm İmamoğlu ilə bağlı həbs qərarı və onun siyasi fəaliyyətinə qadağa qoyulması ilə bağlı açıqlama verib.
“ABŞ Dövlət Departamenti İstanbul Bələdiyyə Başçısı Əkrəm İmramoğlunun ifadə azadlığını məhdudlaşdırmağa yönəlmiş diffamasiya qanunlarına əsaslanaraq bu gün iki il 7 ay həbs cəzasına məhkum edilməsindən dərin narahatlıq və məyusluq keçirir.
Bu ədalətsiz cəza əsas azadlıqlar və qanunun aliliyi kontekstində insan hüquqlarına hörmətlə bir araya sığmır. Türkiyədə vətəndaş cəmiyyəti, media, siyasi və biznes liderlərinin davam edən ittihamnamələri və uzun müddət həbsdə saxlanmasından ciddi narahatlığımızı ifadə edirik.
İfadə azadlığı, dinc toplaşma və birləşmək sağlam demokratiyanın təməl hüquqlarıdır və biz Türkiyəni bu əsas azadlıqlara hörmət etməyə və bu işi tez və ədalətli həll etməyə çağırmağa davam edirik,” Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinq zamanı bildirib.
Bir sıra müşahidəçilər İstanbul meri ilə bağlı məhkəmə qərarının siyasi motivli olduğunu deyir. Məhkəmə hökmlərinin çıxarılması Türkiyədə 2023-cü ildə prezident və parlament seçkilərinin keçirilməsinə bir neçə ay qaldığı müddətə təsadüf edir.
Tənqidçilər Türkiyə məhkəmələrinin prezident Ərdoğanın iradəsinə tabe olduğunu qeyd edirlər. Türkiyə hökuməti məhkəmələrin müstəqil olduğunu bildirir.