Accessibility links

Dövlət Departamenti: ABŞ İrandakı amansız rəftarı ən kəskin şəkildə pisləyir


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti İranı ictimaiyyət qarşısında insanın asılaraq edam edilməsinə görə qınayıb və bildirib ki, Tehran tərəfindən verilən sərt hökmlər və edamlar hökumətin hərəkətlərinə etiraz edən insanları qorxutmaq məqsədi daşıyır.

“İrandan gələn daha dəhşətli xəbərlərə gəldikdə, bilirik ki, Məcidreza Rəhnavərd İslam Respublikasının son qurbanıdır. Yalnız saxta məhkəmə kimi təsvir oluna bilən məhkəmənin qərarından sonra o, sürətlə edam edildi. Biz başa düşürük ki, o da açıq şəkildə edam edilib; o, xalqın gözü qarşısında asılıb”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi mətbuat brifinqində Turan agentliynin müxbirinin “İranda edamların həyata keçirilməsinə mane olmaq üçün ABŞ-ın İrana qarşı hər hansı təsir imkanı varmı?” sualının cavabında deyib.

Onun bildirdiyinə görə, İran rejimi etirazlarda iştirak etdiklərinə görə minlərlə insanı həbs edib.

“Onların bir çoxu indi ağır cəzalarla, o cümlədən ölüm hökmü və heç bir lazımi hüquqi prosedurun olmadığı saxta məhkəmələrlə üzləşirlər. Biz bu amansız rəftarı ən kəskin şəkildə pisləyirik,” Ned Prays qeyd edib.

Dövlət Departamentinin rəsmisi bildirib ki, İrandakı sərt hökmlər və ictimaiyyət qarşısında icra edilən ilk edam İran xalqını qorxutmaq məqsədi daşıyır.

“Bunlar fərqli düşününlərə təzyiq üçün nəzərdə tutulub. Onlar sadəcə olaraq İran rəhbərliyinin öz xalqından nə qədər qorxduğunu vurğulayır. İran rəhbərliyi dinc nümayişçilərə qarşı zorakılıqla repressiyalarını davam etdirərkən, onlar bilməlidirlər ki, Birləşmiş Ştatlar bunu izləyir, lakin daha da önəmlisi, dünya bunu izləyir. Biz İranın insan haqları pozuntularına qarşı mübarizə aparmaq üçün dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya etməyə davam edəcəyik,” o deyib.

Ned Prays əlavə edib ki, ABŞ-ın İran xalqına kömək üçün bir sıra səlahiyyətləri var.

“Biz bu səlahiyyətlərin bir çoxunu - İran xalqı tərəfindən keçirilən etirazların zorakılıqla yatırılması, İran rejiminin dinc etirazları yatırtmaq, İran xalqının xarici dünyaya çıxışını kəsmək, İran xalqının bir-biri ilə əlaqə saxlamaq səyləri kontekstində artıq həyata keçirmişik. Biz bu qəddar basqıya görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün insan haqları qurumlarımızdan, o cümlədən keçən həftə İnsan Hüquqları Günü ərəfəsində haqqında danışdığımız sanksiyalar vasitəsilə istifadə etdik,” Dövlət Departamentinin sözçüsü qeyd edib.

İran hökumətinin ABŞ-da lobbiçilik fəaliyyətinin İrana qarşı tədbirlər görülməsinə mane olması ilə bağlı Turanın müxbirinin sualının cavabında Ned Prays deyib ki, ABŞ Ədliyyə Departamenti xarici dövlətin agentlərinin qeydiyyatdan keçməsini təmin edən proqrama nəzarət edir.

“Ona görə də bu sahədə daxili fəaliyyətlə bağlı suallar üçün sizi Ədliyyə Departamentinə yönləndirərdim. Amma bu, əlbəttə ki, ABŞ-ı narahat edir, İranın repressiyaları öz sərhədlərindən kənara çıxara bilməsi, bizim transmilli repressiya adlandırdığımız bir şeydir. Biz rejimin tənqidçilərini öz hüdudlarından kənarda, o cümlədən bəzi hallarda ABŞ-da təqib etmək səylərinə diqqət yetirmişik. Bu, əlbəttə ki, bizi çox narahat edir və çox ciddi qəbul etdiyimiz bir şeydir,” o qeyd edib.

XS
SM
MD
LG