Accessibility links

Azərbaycanda NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı çərçivəsində işçi görüşləri keçirilir


Azərbaycanda NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı çərçivəsində işçi görüşləri keçirilir (Foto: Azərbaycan MN)
Azərbaycanda NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı çərçivəsində işçi görüşləri keçirilir (Foto: Azərbaycan MN)

NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP) çərçivəsində Azərbaycan üzrə koordinatorlar və NATO-nun müxtəlif təhsil ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir.

Bildirilib ki, görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə müxtəlif brifinqlər təqdim olunub.

Məlumatda qeyd olunub ki, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün fəaliyyət planının istiqamətləri müəyyənləşdirilib.
İşçi görüşləri dekabrın 16-dək davam edəcək.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

XS
SM
MD
LG