Accessibility links

Azərbaycan Banklar Assosiasiyası bank müştərilərinə xəbərdarlıq edib


Azərbaycan Banklar Assosiasiyası (ABA) bank dələduzluğu ilə bağlı vətəndaşlara müraciət edib.

Assosiasiyanın məlumatına görə, bank müştərilərinə aid məlumatların dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək faydalanıldığını aşkar edib.

Məlumata görə, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu müəyyən edib ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.

"Bunu nəzərə alaraq ABA bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

Bildirilib ki, bu növ dələduzluq halları ilə qarşılaşan bank müştəriləri dərhal bankla əlaqə saxlamalıdır" , məlumatda deyilir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə 10 özəl bank tərəfindən təsis edilmiş və "Azərbaycan Kommersiya və Kooperativ Bankları Assosiasiyası" adı ilə dövlət qeydiyyatından keçmişdir. 1999-cu ildən "Azərbaycan Banklar Assosiasiyası" adı altında fəaliyyət göstərir. Hazırda 25 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azərbaycan Kredit Bürosu, Azericard MMC və Millikart MMC ABA-nın üzvüdürlər.

ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub.

XS
SM
MD
LG