Accessibility links

Türkiyənin müdafiə naziri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək


Zakir Həsənov və Hulusi Akar (Rəsmi foto) (arxiv)
Zakir Həsənov və Hulusi Akar (Rəsmi foto) (arxiv)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə həyata keçirilir.

"Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək" , o deyib.

Xatırlatma

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının (İranla sərhəd ərazi-red) ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Nazirlik bildirir ki, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

İran tərəfi hələ təlimlərlə bağlı şərh verməyib. Amerikanın Səsinin müxbirinin İranın Bakıdakı Səfirliyinə telefon zənglərinə də cavab verən olmayıb.

İran-Azərbaycan münasibətlərində gərginlik arıq iki aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib ki, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlindən gələni edəcək.

Prezident Əliyev İran-Azərbaycan sərhədində oktyabr-noyabr aylarında əvvəlcə İranın, sonra isə Azərbaycanın hərbi təlimlər keçirdiyinə işarə edərək deyib ki, Azərbaycan İran ilə sərhəddə hərbi təlimlər keçirməli olub ki, onlardan qorxmadığını nümayiş etdirsin.

"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi" o deyib. Prezident əlavə edib ki, rəsmi Bakı İranın hərəkətlərinə cavab vermək iqtidarındadır.

XS
SM
MD
LG