Accessibility links

Baxmutda bir azərbaycanlı ailənin beş üzvünün donaraq öldüyü bildirilir


Ukraynanın Baxmut şəhəri ətrafında beş nəfərdən ibarət bir azərbaycanlı ailənin donaraq öldüyü bildirilir.

Ukrayna azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı Amerikanın Səsinə bildirib ki, azərbaycanlı ailənin donub öllməsi bir neçə gün əvvəl baş verib.

"Mən Baxmutdakı Ukrayna hərbçiləri ilə əlaqə saxlamışam. Onlar dedi ki, Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaşayan, Ukrayna vətəndaşı olan iş adamı Hafiz Ağayevin evi Rusiyanın raket atəşləri nəticəsində dağılıb. Ağayev həyat yoldaşı Marina Ağayevanı və üç uşağını götürərək ərazidən uzaqlaşmağa çalışıb. Bu zaman Hafiz Ağayev və Marina Ağayeva Rusiya hərbçilərinin atəşi və ya mina partlayışı nəticəsində ağır yaralanıb və hərəkət edə bilməyib. Beləliklə köməksiz vəziyyətdə qalan 5 nəfərdən ibarət ailənin bütün üzvləri meşədə donaraq ölüb. Hərbçilər onların donmuş meyitlərini meşədə tapıb və Baxmut şəhəri yaxınlığında dəfn edib. Hafiz Ağayev və Marina Ağayeva tapılarkən şəxsiyyətlərini müəyyən edən sənədləri üzərlərində olub" , Qabil Osmanlı Ukrayna hərbçilərinə istinadən Amerikanın Səsinə bildirib.

Ağayevlər ailəsi 30 ilə yaxın Baxmut şəhəri yaxınlığındakı kənddə yaşayıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Amerikanın Səsinə bildiriblər ki, məlumatı onlar mətbuatdan oxuyub, lakin hələ təsdiqini tapa bilməyiblər.

"Ukraynada barələrində heç bir konsulluq qeydiyyatı olmayan, uzun illər sənədlərinin etibarlılığı keçmiş, qeyri-qanuni yaşayan çox sayda vətəndaşımız və ondan da çox soydaşlarımız olduğu üçün bir sıra hallarda belə məlumatların dəqiqləşdirilməsi çətinlik törədir" , Azərbaycanın Ukraynadakı səfirliyindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

Azərbaycanın Ukraynadakı səfirliyi daha sonra bildirib ki, Baxmut hüquq-mühafizə orqanlarında da belə məlumat yoxdur.

"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının məlumatı ilkin mənbəyə istinadlanır. Bundan əlavə açıq mənbələrdə həmin regionda o adda şəxs barədə qeydlərə rast gələ bilmədik. 30 il Ukraynada yaşamış şəxsin hardasa adının keçməməsi, onu tanıyan kimsənin ortaya çıxmaması təəccüblü gəlir. Təki doğru məlumat olmasın, hər itirilən can, xüsusən soydaşımız olması hamını üzür," Azərbaycanın Ukraynadakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda qeyd edib.

Ukraynanın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ukraynada həlak olan insanların ölümünü Ukrayana Müdafiə Nazirliyi və ya Ukrayna Baş Prokurorluğu təsdiq edə bilər.

XS
SM
MD
LG