Avropa Parlamenti çərşənbə günü qəbul etdiyi qətnamə ilə Rusiyanı terrorizmi himayə edən dövlət kimi tanıyıb. Parlament qətnamədə qeyd edir ki, Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücum və vəhşilikləri, mülki infrastrukturu, o cümlədən, enerji infrastukturunu hədəfə alması terror aktına bərabərdir və müharibə cinayətləridir.
Avropa İttifaqının hazırda dövlətləri terrorizmin himayədarı kimi tanıyacaq mövcud hüquqi mexanizmi olmadığı üçün Parlament İttifaqı və üzv dövlətləri müvafiq qanunvericilik bazası yaratmağa çağırıb. Deputatlar həmçinin “Vagner” qrupunu, “Kadırovçular” kimi tanınan 141-ci Əlahiddə Motoatıcı Alayı və Rusiyanın himayə etdiyi digər silahlı qruplaşmaları İttifaqın terror təşkilatları siyahısına salınmasını istəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Parlamentin qərarını alqışlayıb.
“Mən Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru və terror vasitələrindən istifadə edən dövlət kimi tanıması qərarını alqışlayıram. Rusiya Ukraynada və bütün dünyada uzun illər davam edən terror siyasətinə son qoyulması üçün hərtərəfli təcrid olunmalı və məsuliyyət daşımalıdır”.
Parlamentin qətnaməsinə rəsmi Moskvadan əsəbi reaksiya gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova telegram hesabında “Təklif edirəm Avropa Parlamenti axmaqlığın sponsoru kimi tanınsın” yazıb.
Dünən qətnamə layihəsinin qəbul edildiyi zaman Avropa Parlamentinin veb saytı kiberhücumlara görə çöküb və bir neçə saat əlçatmaz olub. Parlamentin prezidenti Roberta Metsola Kreml yönümlü qruplaşmanın məsuliyyəti üzərinə götürdüyünü yazıb.
Digər tərəfdən Avropa Parlamenti cümə axşamı Ukraynaya dəstək üçün 2023-cü ildə 18 milyard avroluq kredit verilməsini təsdiqləyib. Sözügedən məbləğ xəstəxanaların, məktəblərin və digər vacib ictimai xidmətlərin işini davam etdirməsi, evsizlərin yerləşdirilməsi, həmçinin, Rusiya tərəfindən dağıdılan infrastukturun bərpasına sərf ediləcək.