Accessibility links

NATO Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını yüksək qiymətləndirir


 Azərbaycan Ordusunun Baş Qərargah rəisi K. Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi K. Vəliyev NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini ilə görüşüb

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "NATO günləri" çərçivəsində Azərbaycanda səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb, azad edilmiş ərazilərdə görülən işlər barədə məlumatlandırıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Kərim Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının Azərbaycan bölmələrin hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Öz növbəsində kontr-admiral Brusdal Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb, ölkənin terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

XS
SM
MD
LG