İraqın şimalında yanacaq çəninin partlaması və binanın uçması nəticəsində 15 nəfər ölüb, onlarla adam yaralanıb.
Əyalət qubernatoru Haval Əbu Bəkr İraqın muxtar Kürdüstan bölgəsinin ikinci böyük şəhəri olan Süleymaniyyədə cümə axşamı axşam saatlarında baş verən partlayışla bağlı son rəqəmi açıqlayıb və əyalətdə matəm günü elan edib."Qurbanların əksəriyyəti qadınlar və uşaqlardır" deyən Əbu Bəkr "evin dağıntıları altında artıq cəsəd olmadığını" əlavə edib.
Səlahiyyətlilər bildiriblər ki, üçmərtəbəli binanın isidilməsi üçün istifadə edilən mayeləşdirilmiş neft çənindən sızma partlayışa səbəb olub.Sağ qalanların axtarışını davam etdirən təcili yardım xidmətləri daha əvvəl 11 nəfərin öldüyünü bildirsə də, bir neçə saat sonra şəhərin fövqəladə hallar şöbəsinin rəisi Saman Nader ümumilikdə 15 cəsədin tapıldığı "əməliyyatların başa çatdığını" elan edib.
Yerli sakinlər cümə günü səhər saatlarında xilasedicilərin ekskavatorun köməyi ilə çökmüş kərpiclər və bükülmüş metal arasında axtarış apardıqlarını izləyiblər. Partlayış nəticəsində pəncərələr sınıb və qonşu binanın fasadı qaralıb.Süleymaniyyədə hakimiyyətdə olan Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) rəhbəri Bafel Cəlal Talabani binanın və yaxınlıqdakıların yenidən qurulmasını maliyyələşdirəcəyini bildirib. O, həmçinin xaricdə qayğıya ehtiyacı olan hər bir yaralının tibbi xərclərini ödəyəcəyini deyib.
Müharibədən zərər çəkən İraqın infrastrukturunun çoxu bərbad vəziyyətdədir və faciələr adi hal alıb. Ölkə xüsusilə nəqliyyat və tikinti sektorlarında zəif tətbiq edilən təhlükəsizlik standartlarından əziyyət çəkir.Oktyabrın sonunda İraqın paytaxtı Bağdadda qaz daşıyan tankerin təsadüfən partlaması nəticəsində azı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
2021-ci ilin aprel ayında Bağdad xəstəxanasında düzgün saxlanılmayan oksigen balonlarının partlaması nəticəsində 80-dən çox insan həlak olmuşdu.