İstanbulun izdihamlı mərkəzi küçələrindən birində bazar günü baş vermis partlayış nəticəsində 6 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun hərəkətli küçəsində “dəhşətli hücumun” bomba vasitəsi ilə törədildiyini bildirib. Prezident Ərdoğan partlayışı “xain hücum” adlandırıb və günahkarların cəzalandırılacağına söz verib. O, İstanbul valisindən aldığı məlumata görə, 6 nəfərin ölümü ilə yanaşı 53 nəfər yaralandığını bildirib.
Ərdoğan Türkiyə xalqına qarşı terror fəaliyyəti aparanların məğlub olacağını vurğulayıb.
Polis partlayışın baş verdiyi İstiqlal küçəsini mühasirəyə alıb. Hadisə baş verən zaman İstanbulun Beyoğlu hissəsi adətən həftə sonları həmişə olduğu kimi alıcılar və turistlərlə dolu idi.
İnternetdə yayımlanan görüntülərdə mağaza və restoranların yerləşdiyi, turistlərin gəzinti yeri və yerli əhalinin sıx yaşadığı İstiqlal küçəsində hadisə yerinə təcili yardım, yanğınsöndürən maşınlar və polislərin gəldiyi göstərilir. Videolardan birində piyadaların qaçdığı zaman güclü partlayış səsi eşidilir.
Şəhərin qubernatoru Əli Yerlikaya daha əvvəl Twitter hesabında partlayışın yerli vaxtla saat 16:20 radələrində baş verdiyini bildirib.
Anadolu dövlət xəbər agentliyi İstanbul Prokurorluğunun partlayışla bağlı təhqiqata başladığı haqda məlumat verib. Agentliyin məlumatına görə, partlayışla bağlı təhqiqat aparmaq üçün 5 prokuror təyin edilib.
İstanbul və Türkiyənin digər şəhərləri bundan öncə də kürd separatçıları, islamçı militantlar və digər qruplar tərəfindən hədəfə alınıb.
2015-2017-ci illər arasında Türkiyə İslam Dövləti qrupu və fəaliyyəti qadağan olunmuş kürd qruplaşmaları tərəfindən bir sıra ölümcül partlayışlara məruz qalıb.
Türkiyənin media nəzarət orqanı partlayışla bağlı xəbərlərin yayımlanmasına vaxt məhdudiyyəti qoyub. Bu addım partlayışın və onun nəticələrinin yaxından çəkilmiş video və fotoşəkillərin istifadəsinin qadağan edilməsini nəzərdə tutur.