Güneyli milli fəal Murtaza Pərvin 400 milyon tümən girov müqabilində Ərdəbil Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azadlığa buraxllıb.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Murtaza Pərvin “toplaşmaq və əlbir olmaq”, “sistemə qarşı təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq” ittihamları ilə üzləşib. Bu ittihamlar haqda ona Ərdəbil vilayətinin Ümumi və İnqilab Prokurorluğunda bildirilib.
Murtaza Pərvin noyabrın 3-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təcridxanada iki gün dindirildikdən sonra Ərdəbil Mərkəzi Həbsxanasına aparılıb.
Pərvin təhlükəsizlik qüvvələrinin təcridxanasında döyülərək sağlıq vəziyyəti pisləşdiyi üçün həbsxananın səhiyyə mərkəzinə köçürülüb.
Onun təcridxanada sorğu-suala çəkildiyi zaman qabırğa nahiyəsinə güclü zərbələr vurulduğu deyilir.
Murtaza Pərvin bundan əvvəl də dinc fəaliyyətlərinə görə saxlanılıb və müxtəlif cəzalara o cümlədən cərimə və şallaq cəzasına məhkum edilib.