Accessibility links

UNESCO yeni hesabatında jurnalist qətllərində cəzasızlığın qəbuledilməz dərəcədə yüksək olduğunu deyir


UNESCO yeni hesabatında jurnalist qətllərində cəzasızlığın qəbuledilməz dərəcədə yüksək olduğunu deyir
please wait

No media source currently available

0:00 0:04:13 0:00

2006-cı ildən bəri dünyada 1300-dən çox jurnalist öldürülüb. İki ildən bir jurnalistlərin təhlükəsizliyi hesabatı hazırlayan UNESCO əvvəlki illərə nisbətən 2020, 2021-ci illərdə daha az jurnalist qətli qeydə alıb. Hərçənd 2021-ci ildə qadın jurnalistlərə qarşı ölümcül hücumların sayında artım var.

Digər tərəfdən, 2022-ci ildə öldürülən jurnalist sayında yenidən sıçrayış baş verib. Bu ilin noyabr ayınadək 76 jurnalist öldürülüb. 10 jurnalist Ukraynada Rusiyanın hərbi təcavüzünü işıqlandırarkən həyatını itirib.

Bugünədək jurnalistlərə qarşı törədilən cinayətlərin 86 faizinin üstü açılmayıb. Yəni, öldürülən hər 10 jurnalistdən yalnız birinin qatili məsuliyyətə cəlb edilib. UNESCO geniş cəzasızlıq mühitinin jurnalistlərə qarşı zorakı hücumlara təşviq etdiyini, ifadə azadlığını ciddi təhdid altına aldığını deyir. Bu halla mübarizə üçün hər il noyabrın 2-si dünyada jurnalistlərə qarşı cinayətlərə cəzasızlığa son günü kimi qeyd edilir.


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov cəzasızlıq mühitinin Azərbaycanda da geniş yayıldığını deyir:

"Azərbaycanda son 17 ildə jurnalistlərə qarşı cinayətlərdə cəzasızlıq günü-gündən artır. Bu, təkcə 2005-cı ildə öldürülən Elmar Hüseynovun işi ilə əlaqəli deyil, digər qətlə yetirilən jurnalistlər də var. Rafiq Tağı qətlə yetirilib, Novruzəli Məmmədov qətlə yetirilib, Rasim Əliyev qətlə yetirilib. Son qətlə yetirilən jurnalist bu ilin 22 fevralında Əvəz Hafizli olub."

Hüseynov təkcə ölkə daxilində deyil, ölkə xaricində yaşayan jurnalist və bloqerlərə qarşı hücum və təqiblərin olduğunu, ancaq hökumətin cinayət faktlarını səmərəli şəkildə araşdırmadığını qeyd edir:

"Hökumət bu cür cinayətlərin qarşısını almaq üçün heç nə etmir. Axırıncı iş Əvəz Hafizlinin işi idi. Əvəz Hafizli özü hökumətə dəfələrlə müraciət etmişdi ki, onun həyatını qorusunlar. Amma qoruyan olmadı. Biz əminliklə deyə bilərik ki, Azərbaycan bugün dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir."

Mətbuat Şurasının İdarə Heyəti üzvü Müşfiq Ələsgərli jurnalist qətllərinin olduqca neqativ hadisə olduğunu deyib:

“Mərhum jurnalistimiz Elmar Hüseynov və mərhum Rafiq Tağının qətlinə Azərbaycanda elə sərt reaksiya verildi ki, bu, qətli törədənlərə cavab oldu. Təəssüf ki, bu günə qədər qatilləri tapmaq, cəzalandırmaq mümkün olmayıb. Bunun səbəblərindən biri rəsmi versiyaya görə, qətllərin sifarişçilərinin və icraçılarının ölkə xaricindən idarə olunmasıdır. Hesab edirik ki, gec-tez nə zamansa bu məsələlərin həll olunması, qatillərin tapılması və cəzalandırılması mümkün olacaqdır”.

Jurnalist Əvəz Hafizlinin öldürülməsi, həmçinin, Azərbaycanda jurnalistlərə qarşı təhdidləri araşdırmaq üçün ötən ay Avropa Şurası Parlament Assambleyası məruzəçi təyin edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu Elmar Hüseynov və Rafiq Tağının işi ilə bağlı sorğumuza cinayəti törətmiş şəxslərin müəyyən edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.

Azərbaycan Sərhədsiz Reportyorlar təşkilatının bu il yayımladığı mətbuat azadlığı indeksində 180 ölkə arasında 154-cü yerdə, mətbuatın azad olmadığı ölkələr sırasında yer alır. Rəsmi Bakı isə ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, jurnalistlərin sərbəst fəaliyyəti üçün tam şərait yaradıldığını bildirir.

XS
SM
MD
LG