Tehranın Böyük Həbsxanasında saxlanılan türk dil haqları müdafiəçisi Əlirza Fərşi son ittihamlardan bəraət alıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə görə, Tehran vilayətinin Apellyasiya Məhkəməsi ona və onunla birgə saxlanılan digər 7 məhbusa qarşı irəli sürülən ittihamlardan bəraət qazandırıb.
Bu 8 məhbusun onlara qarşı irəli sürülən ittihamlardan bəraət alması ilə əlaqədar məlumat noyabrın 7-də həmin məhbuslara bildirilib.
Tehran Böyük Həbsxanasının məhbuslarından 8-i, o cümlədən Əlirza Fərşi daha əvvəl "döyüş və üsyan" və "həbsxana nizamını pozmaq" ittihamları ilə 11 ay 15 gün həbs və 50 şallaq cəzasına məhkum edilmişdi.
Bu məhkəmə qərarı ötən ilin oktyabrında Tehran Böyük Həbsxanasında (Fəşafuyə) baş vermiş döyüş hadisəsi ilə bağlı verilmişdi. Zorakılıq cinayətləri törədənlərlə həbsxananın siyasi məhbusları arasında baş verən insidentdən sonra, 14 siyasi məhbus "cəzalandırılmaq üçün" həbsxananın digər bölməsinə köçürülmüşdü.
İnsidentdən öncə siyasi məhbuslar dəfələrlə zorakılıq cinayətlərindən məhkumlarla siyasi məhbusların bölməsinin ayrılmasını həbsxana qanunlarına istinadən tələb etmişdilər, lakin bu tələbləri həyata keçirilməmişdi.
Uzun illərdir ki, İranda məhbusların cinayətlərə görə bir-birindən ayrılması prinsipi həyata keçirilmir və bir çox insan haqları fəalları və müşahidəçilər İran hökumətinin həbsxanalarda bu qanuna əməl etməməklə siyasi məhbuslara təzyiq göstərməyə çalışdığını söyləyirlər.
Əlirza Fərşi İran Azərbaycanının Mərənd şəhərində anadan olub. O, Tehranın Şərif Texnoligiya Universitetində Kompüter Mühəndisliyi ixtisasında təhsil alıb. Fərşi dəfələrlə İran Azərbaycanında türk dili haqda apardığı dinc fəaliyyətlərdən dolayı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və fərqli məhkəmələrdə mühakimə edilərək uzun müddətli həbslərə məhkum edilib.