Accessibility links

Milyonlarla amerikalı ara seçkilərində Konqres üzvlərini, qubernatorları seçir


Miçiqan ştatında vətəndaşlar səs verirlər. 8 noyabr, 2022.
Miçiqan ştatında vətəndaşlar səs verirlər. 8 noyabr, 2022.

Milyonlarla amerikalı çərşənbə axşamı seçkilərində səs verib. Səsvermə Konqresin tərkibini və onlarla ştat qubernatorunu müəyyən edəcək.

Axşam saatlarında seçki məntəqələrinin bağlanmasından sonra nəticələr və proqnozlaşdırmalar daxil olmaqdadır. Seçicilərin əhəmiyyətli qismi poçtla səs verdiyindən rəqabətin sərt keçdiyi yerlərdə səsvermənin nəticələrinin bəlli olması əlavə vaxt apara bilər.

Floridada müşahidəçilərin diqqətlə izlədiyi qubernator seçkilərində ilkin nəticələr hazırkı qubernator Ron DeSantisin qalib gəldiyini göstərir. Bəzi Respublikaçılar DeSantisin 2024-cü il Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmasını istəyirlər.

Prezidentlik yarışına yenidən qatılacağı gözlənilən Donald Tramp Florda sakini olaraq DeSantisə səs verdiyini bildirib. Eyni zamanda son günlərdə Ağ Ev uğrunda mübarizəyə hazırlaşdığına dair siqnallar göndərən Tramp DeSantisi ictimai platformalarda tənqid edib.

Florida qubernatoru Ron DeSantis (sağda) 2024 prezident seçkiilərində Respublikaçıların namizədi olmaq üçün Donald Trampa rəqib ola bilər.
Florida qubernatoru Ron DeSantis (sağda) 2024 prezident seçkiilərində Respublikaçıların namizədi olmaq üçün Donald Trampa rəqib ola bilər.

Müşahidəçilər Merilend ştatında Ves Murun ştatın ilk afro-amerikalı qubernatoru seçildiyini bildirir.

2022-ci il ara seçkilərində Nümayəndələr Palatasındakı 435 yerin hər biri uğrunda, Senatın 100 yerdən 35-i uğrunda mübarizə gedir. 36 ştatda növbəti qubernator müəyyən ediləcək.

Bəzi analitiklər bu ara seçkilərində rekord sayda adamın səs verəcəyini təxmin edir. 2018-ci il ara seçkilərində 115 milyon amerikalı səs vermişdi.

Ekzit pollar Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti ələ alacağını və potensial olaraq Senatda çoxluq qazancağını proqnozlaşdırır. Bir partiyanın Ağ Evə, digərininsə Konqresə nəzarət etməsi ötən illərdə siyasi tıxacla müşayiət olunub.

XS
SM
MD
LG