Avropa İnsan Haqları Məhkəməsi (AİHM)noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edəcək.
Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
"Ərizələrin əksəriyyətində mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququnun pozuntuları mübahisələndirilib. Bu ərizələr birləşdirilib, 2 qərar elan ediləcək" , o deyib.
Ağaliyev qeyd edib ki, Ələsgər Ələsgərov və başqaları Azərbaycana qarşı işi üzrə, 82 ərizəçinin şikayətinə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları- ev, mənzil, torpaq, qeyri-yaşayış sahəsi dövlət orqanlarının sərəncamları əsasında və ya sərəncam olmadan əllərindən alınıb, onların bəzilərinə pul və ya başqa əmlak verilib, bəzilərinə isə heç bir kompensasiya ödənməyib.
Hüquqşünasın sözlərinə görə, İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı işində isə, 32 ərizəçinin şikayəti Bakıda Qış parkı kimi tanınan ərazinin yerində olmuş tikililərin, evlərin sökülməsi ilə bağlı yaranan mübahisələrlə əlaqəlidir.
Ərizəçilər ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarına müdaxilədən şikayətlənib.
Xalid Ağaliyevin sözlərinə görə, daha bir iş pis rəftar iddialarının səmərəli araşdırlmaması ilə bağlıdır.
"Elman Ağayev şikayətində pis rəftara məruz qaldığını, və bununla bağlı araşdırmanın səmərəli olmadığını bildirib. Ərizəçi 2015-ci ildə müxtəlif cinayətlərdə təqsirli sayılaraq həbs edilib. O, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu məsələsini qaldırıb" , o qeyd edib.