Washington Post qəzetində şənbə günü dərd olumuş məqalədə Bayden administrasiyasının Ukrayna liderlərini Rusiya ilə danışıqlara açıq olduqlarını nümayiş etdirməyə və prezident Vladimir Putin hakimiyyətdən kənarlaşdırılmasa, sülh danışıqlarında iştirak edilməyəcəyi kimi mövqeyindən imtina etməyə təşviq etdiyi yazılır.
Qəzet müzakirələrlə tanış olan adı açıqlanmayan şəxslərə istinad edərək yazır ki, ABŞ rəsmilərinin müraciəti Ukraynanı danışıqlar masasına gətirmək məqsədi daşımır. Bu, müharibənin illərlə davam edə bilcəyindən ehtiyat edən seçicilərin olduğu digər ölkələrin Kyivə dəstəyini təmin etmək üçün hesablanmış cəhddir.
Məqalədə bildirilir ki, müzakirələr ABŞ rəsmilərinin Kyivə “lazım olduğu müddətdə” böyük həcmdə yardımın veriləcəyini açıq şəkildə vəd edərək, eyni zamanda dünya iqtisadiyyatına böyük zərər vuran və nüvə müharibəsi təhlükəsini artıran səkkiz aydır davam edən münaqişənin həllinə ümid etdiyi vaxt Bayden administrasiyasının Ukrayna ilə bağlı mövqeyinin mürəkkəbliyini nümayiş etdirir.
Washington Post-un məqaləsində ABŞ rəsmilərinin ukraynalı həmkarlarının Putinin hələlik danışıqlarla bağlı ciddi olmadığına dair qiymətləndirməsini bölüşdüyü, lakin Ukrayna prezidenti Volodimir Zelenskinin onunla danışıqları istisna etməsinin müharibənin ərzaq və yanacaq qiymətlərinə təsirinin ən ciddi şəkildə hiss olunduğu Avropa, Afrika və Latın Amerikasının bəzi ölkələrində narahatlıq yaratdığını etiraf etdiyi qeyd edilir.
“Ukrayna yorğunluğu bizim bəzi tərəfdaşlarımız üçün real problemdir,” Washington Post adının açıqlanmadığı bir ABŞ rəsmisinə istinadən yazır.
Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumatların doğru olub-olmadığı ilə bağlı şərh verməyib. Dövlət Departamentinin sözçüsü isə cavab olaraq bunları bildirib: “Biz bunu əvvəllər demişik və yenə də deyirik: Əməllər sözlərdən daha yüksək səslə danışır. Əgər Rusiya danışıqlara hazırdırsa, bomba və raketləri dayandırmalı, qüvvələrini Ukraynadan çıxarmalıdır.”
“Kreml bu müharibədə eskalasiyanı davam etdirir. Kreml hələ Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamamışdan əvvəl ciddi şəkildə danışıqlara başlamaq istəmədiyini nümayiş etdirib” – deyə, Dövlət Departamentinin sözçüsü əlavə edib.
O həmçinin Zelenskinin cümə günü verdiyi bəyanatı da qeyd edib: “Biz sülhə, formulunu dəfələrlə səsləndirdiyimiz həqiqi və ədalətli sülhə hazırıq”.
“Dünya bizim mövqeyimizi bilir. Bu, BMT Nizamnaməsinə hörmət, ərazi bütövlüyümüzə hörmət, xalqımıza hörmətdir,” Zelenski cümə günü gecə saatlarında Ukrayna xalqına müraciətində əlavə edib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü Kyivə səfəri zamanı bildirib ki, Vaşinqtonun Ukraynaya dəstəyi çərşənbə axşamı günü Konqresə ara seçkilərdən sonra da “sabit və sarsılmaz” olaraq qalacaq.