Accessibility links

Ərdəbildə siyasi fəal Əsgər Əkbərzadə mülki zəmanətlə sərbəst buraxılıb


Əsgər Əkbərzadə
Əsgər Əkbərzadə

İranda sentyabr ayından bəri davam etməkdə olan geniş etirazlar fonunda 6 həftə əvvəl Ərdəbil şəhərində nəzarət altına alınan siyasi fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, tanınmış fəal noyabrın 3-də 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Əkbərzadənin məhkəmə prosesi davam edəcək. Ərdəbilin ümumi və inqilab prokurorluğu tərəfindən ona qarşı “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamının irəli sürüldüyü bildirilir.

Sosial şəbəkələrdə paylaşılan bir videoda fəalın sərbəst buraxıldıqdan sonra Ərdəbilin mərkəzi həbsxanasının qarşısında ailə üzvləri tərəfindən qarşılandığı görünür.

Əsgər Əkbərzadə sentyabr ayının 22-də səhər saat 4 radələrində evinə qəfildən girən mülki geyimli məmurlar tərəfindən saxlanılmışdı. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, məmurlar qapını sındırıraq evə girib, fəala və onun ailəsinə qarşı zorakılıq tətbiq etmişdilər.

Əkbərzadənin saxlanıldığı günlərdə Ərdəbildə bəzi digər fəallar, o cümlədən Meysəm Colani, Yusuf Kari, Məhəmməd Colani, Firuz Muini, Səccad Qane Müqəddəm, Səid Sadıqifər və Yaşar Əkbərzadə kimi fəallar nəzarət altına alındılar. Tutulanlardan bəziləri, o cümlədən Səid Sadıqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə və Firuz Muini də keçən günlərdə müvəqqəti olaraq sərbəst buraxılıblar.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülmüş və minlərlə insan saxlanılıb.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi təqribən 3 həftə əvvəl Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin həbs edildiyini bildirib. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Keçən günlərdə Qərbi Azərbaycan və Zəncan vilayətlərinin ədliyyə idarələri tərəfindən yayılan açıqlamalara görə, bu iki vilayətdə kütləvi nümayişlərlə əlaqədar yüzlər nəfərə qarşı ittiham irəli sürülüb.

XS
SM
MD
LG