Azərbaycanda ilk dəfə olaraq “Oktoberfest” pivə festivalı keçirilib. Festivalda həm yerli, həm də xarici brendlərin pivələri təqdim olunub.
Tədbirdə həmçinin, müxtəlif ölkələrin alkoqolsuz pivə çeşidləri də sərgilənib.
Təşkilatçılardan biri olan Kənan Zülfüqarov deyir ki, Azərbaycanda pivə ənənəvi alkoqollu içkidir və tədbirin məqsədi bu ənəni daha dərinləşdirmək, həmçinin yerli istehsalçıların mallarını xaricə çıxarmaq üçün belə bir təşəbbüs irəli sürüblər:
“Cəmiyyətimizin fərqli təbəqələrinə məxsus olan insanların bir məkanda musiqi, pivə və gülərüzlə bir-biriləri ilə danışması çox gözəl bir təşəbbüsdür. Məncə bu ilk təşəbbüs olmağına baxmayaraq axarıncı olacaq”.
Tədbirdə həm turistlər, həm də yerli vətəndaşlar iştirak ediblər, onlar tədbir haqqında təəssüratlarını Amerikanın Səsinə bölüşüblər. Sənan Əlioğlu deyir ki, tədbir açıq havada və yayda keçirilsə daha məqsədəuyğun olardı:
“Sadəcə daha çox markaların reklamı gözə çaprır, nəinki müştərinin rahatçılığı. Belə normal, qəşəng pivələrdir, yaxşı markalardır, menyuda da normal qiymətlərdir, festival kimi yaxşıdır”.
Azərbaycanda turist olan Fil Spayk deyir ki, o pivəni çox sevir və öz vətənində - Şotlandiyada pivə festivallarına getməyi xoşlayır.
“Mən belə başa düşürəm ki, bu cür festivalın keçirilməsi ənənə halını alır. Çünki burada – Bakı ərazisində çoxlu pivə məkanları var. Onların bəzilərinin keyfiyyəti heç də yaxşı deyil. Məncə onlar standartları yuxarı qaldırmalıdırlar. Bu cür tədbirlər də onlara keyfiyyəti qaldırmağa kömək edə bilər”, deyə tədbir iştirakçısı deyib.
Oktoberfest — Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən pivə festivalıdır.